Çıraqov və digərləri Ermənistana qarşı
Çıraqov və başqaları Ermənistana qarşı və ya Çıraqov və digərləri Ermənistana qarşı (ing. Chiragov and Others v. Armenia) — Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci, 13-cü və 14-cü maddələrinin və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu haqqında Azərbaycan Respublikasının vətəndaşları Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılovun 6 aprel 2005-ci il tarixdə verilmiş iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsi tərəfindən 16 iyun 2015-ci il tarixdə qəbul edilmiş qərar. Məhkəmənin 2011-ci il 14 dekabr tarixli qərarı ilə ərizəçilərin şikayətləri qəbuledilən elan edilmişdir. Azərbaycan Hökuməti işdə üçüncü tərəf qismində çıxış etmişdir.
== Faktlar ==
1992-ci il mayın 17-də Laçın şəhəri erməni qüvvələri tərəfindən ələ keçirilmişdir, sonrakı günlərdə şəhər qarət edilmiş və yandırılmışdır. "Human Rights Watch" təşkilatının hesabatına əsasən Laçın rayonunun işğal edilməsi nəticəsində 30 min azərbaycanlı, o cümlədən kürdlər məcburi köçkün vəziyyətinə düşmüşdür.Ərizəçilər bildirmişlər ki, onlar Laçın rayonunda yaşamış Azərbaycan kürdləridir və əcdadları orada yüz illər boyu yaşamışlar. 1992-ci il mayın 17-də onlar rayondan Bakıya məcburi köçmüşlər. Həmin vaxtdan erməni işğalına görə öz evlərinə və mülklərinə qayıda bilməmişlər.
Ərizəçilər həmçinin bildirmişlər ki, Ermənistanın hakimiyyət orqanlarının məcburi köçkün kimi onların evlərinə geri qayıtmalarına icazə verməkdən imtina etməsi bu dövlətin rəsmi siyasətinin və müvafiq olaraq inzibati təcrübəsinin göstəricisidir.