1. Bir saatın altmışda birinə bərabər və ya 60 saniyədən ibarət olan vaxt ölçüsü.
Bir dəqiqə sükutdan sonra vəzir Mirzə Möhsün başladı danışmağa.
Gün var ki, dəqiqəsi uzun əsrə bərabər; Çeşmə kimi baş alır bu gündən qərinələr.
2. Az, lakin qeyri-müəyyən vaxt, an.
□ Bir dəqiqədə – dərhal, o saat.
Bir dəqiqədə arvad-uşaq gəlinin başına toplandılar.
Bu dəqiqə – indicə, dərhal.
[Aydəmir:] …Ölümümü istəsən, bu dəqiqə ölərəm.
O dəqiqə – o saat, dərhal.
Elə bu vaxt zəng vurulur; O dəqiqə qaçır Reyhan.
// Vaxtın müəyyən anı (bəzən cəm şəklində).
[Cəmilə] ciddi bir mövqedə bulunur, həyatının mühüm dəqiqələrini yaşayırdı.
[Cavadın] diş göynədən sulardan az-az, tez-tez içdiyi dəqiqələr gözləri qabağında canlandı.
3. Çevrənin 1/ 60 -nə bərabər olub, yazıda rəqəmin üstünə (′) işarəsi qoyulmaqla göstərilən dərəcə ölçüsü.