Fəxriyyə Xələfova
Xələfova Fəxriyə Rafiq qızı — azərbaycanlı rəssam-modelyer, əməkdar incəsənət xadimi (2006), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi.
== Həyatı ==
Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. Məşhur Xələfbəyovlar nəslindəndir. Orta təhsilini Bakı şəhəri 6 saylı orta məktəbində almışdır. Azərbaycan Dövlət Universitetinin İnsan beyninin neyrofiziologiyası ixtisası üzrə Biologiya fakültəsində təhsil almışdır (1985–1990). Sonra Psixologiya ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının aspiranturasını bitirmişdir (1994). Türkiyədə təhsilini davam etdirərək Xüsusi Ali Bədii dizayn məktəbini bitirmişdir (1997).
1998-ci ildən peşəkar modelyer kimi moda sahəsində fəaliyyət göstərir. "Sirr", "Neft ilahəsi", "Ays", "Ümid ritmləri" kimi moda kolleksiyaları Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Almaniyada nümayiş etdirilmişdir. "EKSPO-2000" Ümumdünya sərgisində və bir sıra beynəlxalq moda müsabiqələrində münsiflər heyətinin üzvü və sədri olmuşdur.