Faxralı
Faxralı (gürc. ფახრალო; 1991-ci ildən: gürc. ტალავერი, talaveri) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Bolnisi bələdiyyəsində kənd. İmirhəsən və Bala Darbaz kəndləri ilə birlikdə Faxralı icma sakrebulosunu təşkil edir. Kənd şimalda Qoçulu, cənubda Bala Darbaz, şərqdə Saraçlı, şimali-şərqdə İmirhəsən, qərbdə Kəpənəkçi, şimali-qərbdə Xatissopeli, Mığırlı və Cəfərli kəndləri ilə əhatələnib.
== Etimologiya ==
Ehtimallara görə Faxralı toponimi "fəxr" və "Alı sözlərinin sintezindən yaranmışdır. 90-cı illərin əvvəllərində rayonun digər 32 kəndinin adı kimi Faxralı toponimi də gürcüləşdirilərək Talaveri (gürcücə hərfi mənası "üzüm talvarı", "üzümlük" anlamına gəlir) halına salınmışdır.
== Tarix ==
Kəndin tarixi tam olaraq araşdırılmamışdır. Buna rəğmən kəndin təxminən 800 illik yaşayış yeri olduğunu fərz etmək münkündür. Kənddə XII, XIV və XVI əsrlərə aid islami qəbirüstü abidələr vardır.