Fidan Qasımova
Fidan Əkrəm qızı Qasımova (17 iyun 1947, Bakı) — Azərbaycanın opera müğənnisi, Azərbaycan SSR xalq artisti (1982), SSRİ xalq artisti (1988), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984).
== Həyatı ==
Fidan Əkrəm qızı Qasımova 17 iyun 1947-ci ildə Bakıda dünyaya gəlmişdir. Nadir soprano sahibinin dünyaya göz açdığı ziyalı ailəsi, boya-başa çatdığı mühit onun musiqiyə bağlanmasının ilkin mənbəyi olub. Fidan və kiçik bacısı Xuraman Qasımova bacılarının valideynləri daim incəsənətlə bağlı olub, şeir yazıb, musiqiyə meyl göstəriblər. Niyazi, Fikrət Əmirov, Tofiq Quliyev və Bakı musiqi elitasının digər nümayəndələri tez-tez bu ailənin evində olublar. O zaman 4 yaşlı balaca Xuraman qonaqların xahişi ilə oxuyar, Fidan isə qonşu otağa keçərək daha çox skripkada çalardı. Hər iki qızın musiqiyə meyli uşaqlıqdan formalaşıb.
Bülbül adına musiqi məktəbini bitirdikdən sonra Fidan 1966-cı ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, məhz parlaq istedadı və zəhməti sayəsində eyni vaxtda iki ixtisas — skripka və vokal üzrə təhsil almışdır. Təbii ki, qabaqcadan seçdiyi yola ciddi hazırlaşmaq lazım idi. 1974-cü ildə Moskva Konservatoriyasının aspiranturasını bitirdikdən sonra Bakıya qayıtmış, həmin vaxtdan M. F. Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş, həmçinin Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deməyə başlayıb.