Faiq Cəfərov (fizioloq)
Faiq İlahi oğlu Cəfərov (20 yanvar 1940, Nüvədi, Meğri rayonu – 30 yanvar 2008, Bakı) — Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrasının müdiri, tibb elmləri doktoru (1990), professor (1991), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001)
Faiq İlahi oğlu Cəfərov 1940-cı ildə Zəngəzur mahalının Nüvədi kəndində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Tibb İnstitutunun Pediatriya fakültəsinə daxil olmuş və 1963-cü ildə institutu fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarı ilə aspiranturada saxlanılmışdır. 1967-ci ildə o, namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi adına layiq görülmüş, Azərbaycan Tibb İnstitutunun Normal fiziologiya kafedrasında, baş laborant, assistent, baş müəllim və dosent vəzifələrində çalışmışdır.
1972-1978-ci illərdə F.Cəfərov Müalicə-profilaktika fakültəsinin həmkarlar təşkilatının sədri, 1978-1993-cü illərdə isə Həmkarlar Komitəsi rəyasət heyətinin üzvü olmuşdür.
1990-cı ildə F.Cəfərov Moskvada Rusiya Tibb Elmlər Akademiyasının R.H.Axundov adına Normal Fiziologiya İnstitutlarında doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi adına layıq görülmüşdür. 1991-ci ildə o, Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrasının professoru və kafedranın müdiri vəzifəsinə seçilmişdir. 1993-1995-ci illərdə Faiq Cəfərov kafedra müdiri vəzifəsində çalışmaqla yanaşı, universitetin I müalicə-profilaktika fakültəsinin dekanı olmuşdur. O, eyni zamanda 1993-1994-cü illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının "Biologiya və kənd təsərrüfatı" bölməsi üzrə ekspert şurasının üzvü idi.
F.Cəfərovun elmi rəhbərliyi altında 5 namizədlik dissertasiyası müdafiə edilmiş, 1 doktorluq dissertasiyası üzərində iş aparılmışdır. Onun elmi-tədqiqat işlərinin nəticələri 200-dən artıq elmi əsərlərdə öz əksini tapmışdır.