Fövziyə bint Fuad
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı.
== Həyatı ==
Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı.
Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.