Fövziyə Sultan (28 oktyabr 1928, Paris – 9 aprel 2014, Paris) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.
Fövziyə Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Paris, Fransa |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Dəfn yeri | |
Atası | İbrahim Tofiq Əfəndi |
Anası | Hayriyə Seyfulin |
Həyat yoldaşı | Məhəmməd Hüseyn Xeyri bəy |
Ailəsi | Osmanlı xanədanı |
Fövziyə Sultan 28 oktyabr 1928-ci ildə — Osmanlı səltənətinin ləğvindən 6 il sonra Parisdə dünyaya gəldi. Atası Sultan Əbdülməcidin nəvəsi Tofiq Əfəndi, anası isə onun boşnaq əsilli son xanımı Hayriyə xanımdır. Uşaqlıq illəri ailəsiylə birlikdə sürgündə keçən Fövziyə Sultan hələ 3 yaşında ikən atası vəfat etdi və anası onu da alaraq öncə Nitsaya, daha sonra isə Qahirəyə getdi. Burada anası Seyfulin adlı bir tatarla evləndi və ögey atası tərəfindən sevgiylə böyüdüldü. Burada xədiv İsmayıl Paşanın oğlu İbrahim Hilmi Paşanın xanımı Vicdan xanımla yaxın münasibət qurdu və bu vasitə ilə Misir kral ailəsinə daxil oldu. Bu illər ərzində Sorbonna Universitetində jurnalistika və sosiologiya üzrə təhsil alan Fövziyə Sultan eyni universitetin ingilis-fransız dilləri üzrə sinxron tərcüməçilik bölümünü də bitirmişdir.
1951-ci ildə Fövziyə Sultan Misir xədivi Hüseyn Kamilin qızı Qədriyə Sultanın (d. 1888 — ö. 1955) oğlu Məhəmməd Hüseyn Xeyri bəylə evləndi. Hava qüvvələrində zabit olan Xeyri bəy 1956-cı ildə prezident Camal Əbdül Nasirə qarşı tərtiblənən sui-qəsdlə təqsirləndirilərək həbs olundu və həbsdə ikən müəmmalı şəkildə öldürüldü. Bu evlilikdən övladı olmayan Fövziyə Sultan bir daha evlənmədi.
1962-ci ildə YUNESKO üçün çalışmağa başlayan Fövziyə Sultan uzun illər qurumun müxtəlif qollarında xidmət etdi. 9 aprel 2014-cü ildə Parisdə vəfat edən Fövziyə Sultanın cənazəsi Paris yaxınlığındakı müsəlman məzarlığına dəfn olundu.