Güllü Yoloğlu
Güllü Yoloğlu (5 may 1963, Meşəşambul, Zaqatala rayonu) — Dünya Türkologiya Mərkəzinin sədri, filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru, AMEA-nın Tarix və Etnologiya İnstitutunun Türk Xalqlarının Etnologiyası şöbəsinin müdiri, institutun baş elmi işçisi, Türk Ağsaqqalları İctimai Birliyi Qadınlar Şursının sədri, türkoloq.
== Həyatı ==
Güllü Yoloğlu 1963-cü il mayın 5-də Azərbaycanın Zaqatala rayonunun Meşə-oba (Meşə-Şambul) kəndində (indi bu kənd Balakən rayonuna aiddir) müəllim ailəsində doğulub.
Gəncə Pedaqoji İnstitutunu bitirdikdən sonra tarix-ədəbiyyat müəllimi olan atası Gülməmmədov Yoloğlu Kamil oğlu və fizika-riyaziyyat müəllimi olan anası Bayramova Nahidə Mahmud qızı Zaqatalada təyinatla işləmişlər.
O, üç yaşında olarkən valideynləri Qazax rayonunun Canallı kəndinə, ata yurduna qayıdıblar.
Canallıda 8 illik məktəbi bitirdikən sonra 9–10-cu sinifləri Qazax şəhər Səməd Vurğun adına 2 saylı məktəbdə oxumuşdur.
1980-ci ildə orta məktəbi başa vuran G. Yoloğlu elə həmin il o zamankı M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna (hazırda Bakı Slavyan Universiteti) qəbul olunmuş, 1985-ci ildə bitirmişdir. 1983–1984-cü tədris ilini Həştərxan Pedaqoji Dövlət Universitetində təcrübə keçmişdir
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, iki qızı var.
== Elmi yaradıcılığı ==
Ali təhsilinin ilk ilindən Tələbə Elmi Cəmiyyətinin fəal üzvü kimi bir çox institut, respublika və beynəlxalq elmi simpoziumlarda, o cümlədən də Moldovanın Beltsı şəhərindəki tələbə elmi konfransında iştirak etmiş, bir sıra diplom, fəxri fərman və digər mükafatlara layiq görülmüşdür. Həştərxanda oxuduğu illərdə Güllü Yoloğlu Moldovanın, Həştərxanın tələbə elmi konfranslarında iştirak etmiş, "Komsomolets Kaspiya" qəzeti (Həştərxan), "Sovetskaya Moldaviya" qəzeti və "Kodrı" dərgisi (Kişinyov), "Müxbir", "Russkiy yazık", "Literaturnıy Azerbaydjan", "Molodyoj Azerbaydjana", "Azərbaycan gəncləri" qəzetlərində (Bakı) və digər mətbu orqanlarında məqalələr çap etdirmişdir.