GUAM
Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat və ya qısa şəkildə GUAM — Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın üzv olduğu regional təşkilat. 1997-ci il oktyabrın 10-da yaradılmışdır. 1999–2005-ci illərdə Özbəkistan da təşkilatın üzvü olmuşdur. Təşkilatın adı üzv ölkələrin adlarının ingilis dilindəki baş hərflərindən əmələ gəlir.
== Yaranması ==
GUAM — Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 10 oktyabr 1997-ci ildə, Strasburqda Birgə Kommunike imzalaması ilə bu dörd dövlətin birliyi kimi fəaliyyətə başlamışdır. Kömmunikedə prezidentlər suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, hüququn aliliyi və insan hüquqlarına hörmət prinsipləri əsasında Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi məqsədilə dördtərəfli əməkdaşlığın inkişaf elətdirilməsinin vacibliyinin vurğulamışlar.
7 iyun 2001-ci ildə Yaltada təşkil olunmuş GUAM-ın ilk zirvə toplantısı onun beynəlxalq struktur kimi formalaşması və institusionallaşmasında böyük rol oynamışdır. Dövlət başçılari tərəfindən imzalanmış GUAM-ın "Yalta Xartiyası" iştirakçı dövlətlər arasında əməkdaşlığın məqsədlərini, prinsiplərini və istiqamətlərini müəyyənləşdirmişdir.
22 may 2005-ci il tarixində GUAM-ın Kişinyovda keçirilmiş zirvə toplantısı üzv-dövlətlərin demokratik cəmiyyət, Avropaya inteqrasiya, iqtisadi inkişaf, regionda sabitlik və təhlükəsizlik məsələlərinə dair vahid baxışlarını nümayiş etdirmişdir. Dövlət başçıları GUAM əsasında beynəlxalq təşkilatın yaradılması zərurətinə dair birgə mövqedən çıxış etmişlər və bununla əlaqədar GUAM Xarici İşlər Nazirləri Şurasına müvafiq qərar vermişlər.