1. Bir işi icra etmək üçün lazım olan hər şeyi olan; amadə. Mən hazıram, gedə bilərik. Yola düşməyə hələ hazır deyil. Çıxışa hazır olmaq.
– Qapının ağzında nökər Vəli hazır durubdur.
Qanadın üstündə o mehribanım; Uzanıb deyir ki: “Mən hazıram, sür”.
2. Bir işi görməyə razı olan, həvəs, meyil göstərən. O bizimlə getməyə hazırdır. Sizi saatlarla dinləməyə hazıram.
– Zeynal Şərifzadənin göstərəcəyi yol ilə getməyə hazır idi.
Çarpışmağa biz hazır; Yerlərlə, fələklərlə.
3. Hazırlanmış; işlənməyə, istifadəyə yarar vəziyyətdə olan. Nahar hazırdır. Maşın hazırdır, bizi gözləyir.
– Stolun üstündə nə ki lazım idi, hamısı hazır olmuşdu.
Bir az keçmədən çay hazır oldu.
// Tikilmiş və ya hazırlanmış halda satılan (sifarişli ziddi). Hazır paltar. Hazır ayaqqabı. Hazır şalvar.
// Qabaqcadan düşünülmüş, qabaqcadan fikirdə tutulmuş, hazırlanmış (söz, cavab və s. haqqında). Hazır cavab. Hazır ibarələr.
// Hazırlanmış, yetişdirilmiş, öyrədilmiş, təlim keçmiş. Hazır mütəxəssis.
– [Əhməd Salmana:] Oxumalıyıq… Sonra bir müddət keçmiş, hazır kadrımız da olar, kiçik bir təşkilat yaparıq.
4. Söhbəti gedən yerdə olan, şəxsən orada iştirak edən (qaib ziddi).
5. İndi ki, madam ki, lap yerində. Hazır gəlmisən, bu işi də gör. Hazır yazırsan, bu sözləri də əlavə et.
6. Hazırda şəklində zərf – indi, bu saat, indilikdə, indiki halda.
Hazırda Atabəy məmləkətlərinin bir tək müttəfiqi və dostu yoxdur.
İçərişəhərin hazırda beş darvazası varsa da, keçmişdə bunlar dörd imiş.
◊ Hazıra qonmaq – başqalarının əməyi ilə meydana gəlmiş bir şeyə şərik çıxmaq.
Hazıra nazir – başqalarının əməyi ilə meydana gətirilmiş bir şeyə şərik çıxmaq istəyən və ya şərik çıxan adam haqqında.
Hazıra (hazırına) nazir olmaq – bax hazıra qonmaq.
[Ata:] Müftə çörəyi sən yeyirsən, hazırına nazir olmusan.
Hazır ol! hərb. – hazırolma komandası.
Bayraqdarların dalınca gedən şeypurçular qoşuna “Hazır ol!” – işarəsi verincə, qırx min qılınc bir kərə qınından çıxdı.