Hüseynəli xan (Quba xanı)
Hüseynəli xan — 1726–1758-ci illərdə hakimiyyətdə olmuş Quba xanı.
== Haqqında ==
1726-cı ilin sonu 1727-ci ilin əvvəllərində Quba xanlığı Rusiyanın tərkibinə daxil oldu və 1718-ci ildə öldürülmüş Sultan Əhməd xanın kiçik yaşlı oğlu Hüseynəli bəy Quba xanı elan edildi. Belə ki, Rusiya İmperiyasının Xarici Siyasət Arxivində saxlananılan rəsmi sənəddə 1726-cı il oktyabrın 20-də Dərbəndə gəlmiş Hüseynəli bəyin Rusiya himayəsini qəbul edərək sədaqət andının içməsi bildirilir. Andda deyilirdi: "Mən, Quba xanının oğlu Hüseynəli bəy öz əqidəmlə şəriət qaydası ilə Qurana and içirəm ki, imperatriçə əlahəzrətlərinin təbəəliyində olub, öz təbəələrimlə, canım, ruhum və bütün pak vicdanımla imperatriçə əlahəzrətlərinin təbiətən və sadiq qulu kimi qulluq edəcək, onların təbəələrinə qarşı heç bir zidd hərəkət göstərməyəcək, bütün Rusiya İmperiyasına mən öz təbəələrimlə sədaqət, hər cür xeyirxahlıq göstərəcəyəm". Quba xanı nəinki həmişə sadiq olmağa and içirdi, hətta rus qoşunlarına mübarizədə hər cür yardım etməyi, rus əsgərlərinə mənzil ayırmağı da öz öhdəsinə götürürdü. Hüseynəli bəy Rusiyanın açıq və ya gizli düşmənləri ilə heç bir əlaqə saxlamayacağını da söz verirdi.
1726-cı il dekabrın 21-də Peterburqda Ali Məxfi şurada Hüseynəli bəyin Rusiya himayəsinə qəbul edilməsi və onun Quba xanı kimi təsdiq olunması məsələsi nəzərdən keçirildi. Hüseynəli bəyin torpaqları Osmanlılarla bağlanmış müqaviləyə görə Rusiya zonasında qalarsa himayəyə qəbul edib ona xan rütbəsi vermək haqqında Xəzərsahili əyalətlərdəki rus qoşunlarının komandanı feldmarşal Dolqorukiyə fərman göndərildi. Sərhədlər müəyyənləşdirilərkən Quba xanlığının böyük bir hissəsi Rusiya tərəfində qaldığından Hüseynəli xan, Quba xanı kimi təsdiq olundu və xan az yaşlı olduğuna görə qəyyumlar ayrıldı. Əfrasiyab naib, Fəraməz isə nazir oldu.