Abbas Kiyarüstəmi
Abbas Kiyarüstəmi (farsca: عباس کیارستمی; /abˈbɑːs keˈjɑː.rɔs.taˌmiː/; ingilis, fransız və alman dillərində: Abbas Kiarostami; 22 iyun 1940[…], Tehran – 4 iyul 2016[…], XIV arondisman) — dünya miqyasında tanınan və təqdir edilən İranlı rejissor, ssenarist və prodüserdir. 1970-ci ildən bu yana kino sahəsində işləyən Kiyarüstəmi, qısa film və sənədli filmlər də daxil olmaqla 40-dan çox film üzərində işləmişdir. Xüsusilə Koker trilogiyası, Albalı dadı və Külək bizi sovuracaq filmləri ilə öz üzərinə diqqət toplaya bilmiş və müvəffəqiyyətlər qazanmışdır.
Əsasən ssenarist, rejissor, prodüser, redaktor, bədii rəhbər olaraq tanınan Kiyarüstəmi, şair, fotoqraf, rəssam, karikaturaçı və qrafik dizayner peşələrində də müvəffəqiyyətlər qazanıb.
İran kinosunda 1960-cı illərin sonlarında başlayan və Füruğ Fərruxzad, Sohrab Şahit Sales, Bəhram Beyzayi və Pərviz Kimyavi kimi rejissorların da daxil olduğu İran Yeni Dalğa studiyası rejissorlarından biridir. Bu studiya rejissorlarının səciyyəvi xüsusiyyəti bəzilərinin poetik dialoqlardan istifadəsi, siyasi və fəlsəfi mövzularla bağlı alleqorik hekayələr izah etmə tərzidir.
Uşaq obrazlarından istifadə etmək, sənədli film tərzində nəqletmə, kənd bölgələrində cərəyan edən hadisələr, maşınların içində olan dialoqlar və adətən sabit kameradan istifadə Kiyarüstəminin ən əsas xüsusiyyətlərindəndir. Dialoqlarında, film adlarında və mövzularında İran ədəbiyyatından, İran şeirindən geniş istifadə edir.
== Həyatı ==
Tehranda anadan olmuşdur. İncəsənətlə ilk əlaqəsi şəkil çəkmək olmuşdur.