Ləman Əlimuradova
Ləman Osman qızı Əlimuradova (29 noyabr 2004, Yasamal rayonu) — Azərbaycanı təmsil edən bədii gimnast, idman ustası, 2018-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür.
Ləman Əlimuradova Azərbaycanı 2020, 2021, 2022, 2023 və 2024-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2020-ci ildə 1 gümüş və 2 bürünc medala, 2022-ci ildə 3 bürünc medala, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc sahib olub. Azərbaycanı 2021-ci və 2024-cü illərdə baş tutan Olimpiya Oyunlarında təmsil edib.
Ləman Əlimuradova həm də 2021, 2022 və 2023-cü illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır.
2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə elədi. Bu qrup həm də 2024-cü ilin avqustunda Paris Olimpiadasını beşinci pillədə başa vurmaqla bu idman növü üzrə Azərbaycanın Olimpiya Oyunlarında ən uğurlu çıxışına imza atıb.