Mahpeykər Kösəm Sultan
Mahpeykər Kösəm Sultan (osman. كوسم سلطان; təq. 1589 – 2 sentyabr 1651, Konstantinopol) — Osmanlı dövlət idarəsində önəmli rol oynamış Hasəki Sultan və Validə Sultan. Nəvəsinin səltənəti dövründə belə hərəmi və bütün imperiyanı idarə etmişdir. Sultan I Əhmədin hasəkisi, Sultan IV. Murad və I. İbrahimin validəsi, Sultan IV. Mehmedin Validə-i Müəzzəmidir (nənəsi). Osmanlı tarixinin 1603–1651 dövrlərində, təxminən 50 il müddətində saray içində mükəmməl gücə sahib olmuşdur. Osmanlı tarixinin öldürülən ilk Validə Sultanıdır.
Saray tarixindəki ilk adı Mahpeykər olsa da, ləqəb olaraq işlətdiyi Kösəm adı sonradan əsl adı kimi işlədilmişdir. Kösəm sözü "yol göstərən, hər şeyi bilən" deməkdir. Mahpeykər Kösəm Sultanın saray daxilində və saray xaricindəki duruşu bir-birilə ziddiyyət təşkil edirdi.