Mavaki abidəsi
Mavaki abidəsi (真脇遺跡, Mavaki iseki) – Yaponiyanın İşikava prefekturasının Noto yarımadasında yerləşən, Comon dövrünə aid arxeoloji abidə.
== Tarixi ==
Abidə 1982–1983-cü illərdə kanal tikintisinin tədqiqat işləri zamanı təsadüfən kəşf edilmişdir. Mavaki abidəsi 1989-cu ildə Yaponiyanın Milli Tarixi Yeri elan olunmuşdur. Burada aşkarlanmış 219 arxeoloji artefakt 1991-ci ildə əhəmiyyətli mədəni mülk statusu almışdır.
Abidə ərazisində arxeoloji park yaradılmışdır. Burada Mavaki Arxeologiya Muzeyi (真脇遺跡縄文館, Mavaki iseki Comonkan) fəaliyyət göstərir.
== Xüsusiyyətlər ==
Arxeoloji abidədə balıqqulağı qalıqları, kütləvi qəbirlər, bir çox dulusçuluq məmulatları, terrakotta fiqurları, qaban, maral, dovşan sümükləri, eləcə də, bitki toxumları tapılmışdır. Burada tapılmış yüzlərlə delfin sümüyü Comon dövrünün yerli əhalisinin delfin ovladığını sübut etməklə yanaşı delfin sümüklərindən alət kimi istifadə etdiyini, hətta digər yaşayış yerlərindən olan insanlarla mübadilə vasitəsi kimi istifadə etdiyini göstərir. Mavaki abidəsindən tapılmış gil maska Yaponiyada tapılmış ən qədim belə maskadır və şaman ritualları üçün hazırlandığı güman olunur.
Abidənin ön plana çıxan xüsusiyyəti 10 ədəd şabalıd ağacının gövdəsindən ibarət dairəvi strukturun qalıqlarıdır.