Ehsan xan Kəngərli (general-mayor)
Ehsan xan Kəngərli və ya Ehsan xan Naxçıvanski (1789, Naxçıvan – 1846, Naxçıvan) — Çar-Rus ordusunda general-mayor, Naxçıvanın sonuncu xanı Kəlbəli xan Kəngərlinin oğlu, tam süvari qoşunu generalı İsmayıl xan Naxçıvanskinin, Kəlbəli xan Naxçıvanskinin və Qönçəbəyimin atası. Naxçıvanski soyadından istifadə etmiş ilk Kəngərli nümayəndəsi.
== Hərbi fəaliyyəti ==
Ehsan xan Kəngərli 1826–1828-ci illər Rusiya–İran müharibəsi zamanı Abbasabad qalası qarnizonunun hərbi rəislərindən biri, İran ordusunda sərhəngi (polkovnik) olmuşdur. Sonradan o, rusların tərəfinə keçmiş və qalanın alınmasında onlara kömək göstərmişdir. Tarixi mənbələrə görə, Ehsan xan Kəngərli naxçıvanlılardan və ruslardan ibarət on minlik qoşuna başçılıq etmişdir.
İlk dövrlərdə çar hökuməti Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Naxçıvanda da eyni siyasət yeridir və xanlıqdaxili muxtariyyət hüququ verirdi. Azərbaycan xanlıqlarını öz torpaqlarına qatdıqdan sonra, yerlərdə xan üsul-idarəsi komendant idarəsi ilə əvəz olundu. Lakin Naxçıvanın idarəsi rus ordusunun polkovniki rütbəsini almış Ehsan xana tapşırıldı. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən sonra general-mayor rütbəsi alan Ehsan xan Kəngərli İrəvan və Naxçıvan xanlıqlarının, Ordubad dairəsinin səlahiyyətli nümayəndəsi kimi Türkmənçay müqaviləsini (1828) imzalamış, xanlıq ləğv edildikdən sonra Naxçıvan əyalətinin ilk naibi təyin olunmuşdur. Ehsan xan abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirirdi.