Ağaəli bəy Naseh Əfəndizadə
Ağaəli bəy Naseh (10 sentyabr 1856, Şamaxı – 1915, Şamaxı) – şair. Klassik Şərq üslubunda yazılmış əsərləri vardır, lakin şeirləri toplanılıb çap edilməmişdir. Ağaəli bəy M. Ə. Sabirin və A. Səhhətin yaxın dostu olmuşdur.
== Həyatı ==
Firudin bəy Köçərli onun haqqında yazır: "Ağaəli bəy Naseh təvəllüd edibdir Şamaxıda 1273-cü ildə məhərrəm ayının onuncu günündə – yövmi-aşura. İlk təhsilini Şamaxıdakı "Üsuli-cədid" məktəbində almışdır.
Təhsili Şamaxı məktəblərində üsuli-qədim üzrə olubdur. Atasının ondan başqa köməkçisi olmadığı cəhətinə, məktəbdə oxuyan zaman ticarət işlərilə dəxi məşğul olarmış. 16 sinnə çatdıqda məhz türk və fars dillərinin təhsilinə kifayətlənməyib, rusca oxumağa şövqü həvəs göstəribdir və lakin bu vaxtlarda müşarileyhin atası həmişə səfərdə olmaq cəhətilə ev və bazar işləri dəxi ona mühəvvəl olubdur. Belə ki, oxumağa və elm təhsil etməyə çəndan vaxtı olmayıbdır. Bununla belə rusca oxumağı hər şeydən əlzəm bilib, onun təhsilinə canü dil ilə müdavimət etmişdir.