Nəsimi
İmadəddin Nəsimi (tam adı: Şeyx Əli ibn Seyid Məhəmməd İmadəddin Nəsimi) 1369, Şamaxı, Təbriz, Bağdad, Hələb, Şiraz və ya Diyarbəkir – 1419, Hələb) — Azərbaycan şairi, mütəfəkkir. "İmadəddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə İmadəddin Nəsimi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Nəsiminin həyatı haqqında çox geniş məlumat mövcud deyil. Mənbələrin əksəriyyəti onun adını İmadəddin kimi göstərir, ancaq Nəsiminin əsl adının Əli və Ömər olduğunu qeyd edən mənbələr də vardır. Bir çox tədqiqatçılar onun Şamaxıda, başqaları isə Bursada,Urmiyada, Təbrizdə, Bakıda, Diyarbəkirdə və hətta Şirazda anadan olduğunu iddia edirlər.
Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şeirlər yazdığı və hazırda bu adla tanınan qədim qəbiristanlıqda basdırıldığı məlumdur.