Qəzənfər Cəfərli
Qəzənfər Musa oğlu Cəfərli (25 may 1920, Gəncə – bilinmir) — Azərbaycan-sovet partiya və dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri (1959).
== Həyatı ==
Qəzənfər Musa oğlu Cəfərli 1920-ci ildə Gəncədə bağban ailəsində anadan olmuşdur. Elə həmin il atası vəfat etmiş və o, müəllimlik edən qardaşının himayəsində qalmışdır. 1937-ci ildə orta məktəbi bitirdikdən sonra Qəzənfər Cəfərli Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olmuş, 1941-ci ildə oranı bitirmişdir. Təhsil aldığı illərdə Bakı məktəblərində müəllim vəzifəsində də işləmişdir. Texnika elmləri namizədi elmi dərəcəsini, dosent elmi adını almışdır.Böyük Vətən müharibəsi başlanan zaman Qəzənfər Cəfərli Sovet Ordusu sıralarına qatılmış, zenit-topçu hərbi məktəbini bitirərək vzvod komandiri və batareya komandiri kimi Volxov, Leninqrad, Birinci Ukrayna cəbhələrində, Polşa, Çexoslovakiya, Macarıstan və başqa ölkələrdə vuruşmuşdur. Sovet Ordusu sıralarında o, əvvəlcə Kommunist Partiyası üzvlüyünə namizəd, 1943-cü ilin aprelindən isə partiyanın üzvü olmuşdur. Elə həmin illərdə batareyanın partiya təşkilatçısı, polk partiya bürosunun üzvü seçilmişdir.Müharibədən sonra Qəzənfər Cəfərli ordu sıralarından tərxis olunaraq ÜİK(b)P Mərkəzi Komitəsi yanında partiya nəzarəti komissiyasının Azərbaycan SSR üzrə müvəkkil köməkçisi, sonra isə məsul nəzarətçi vəzifəsində işləmişdir. 1947-ci ilin mayında Azərbaycan KP MK aparatında təlimatçı, sonra isə partiya, həmkarlar ittifaqı və komsomol orqanları şöbəsinin bölmə müdiri vəzifələrinə təyin edilmişdir.Qəzənfər Cəfərli 1949-cu ilin yanvarında Azərbaycan Kommunist Partiyası Dəstəfur Rayon Komitəsinin birinci katibi seçilmişdir. O, bir il yarımdan çox bu rayona rəhbərlik etmiş, 1950-ci ilin sentyabr ayında ÜİK(b)P MK yanında Ali Partiya Məktəbində oxumağa getmişdir.