Rais Rəsulzadə
Rais Rəsulzadə (tam adı: Rais Azər oğlu Rəsulzadə; 1 noyabr 1946, Qazaxıstan) — Azərbaycanın tanınmış rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü (1978-ci ildən). Azərbaycan Respublikasının Əməkdar Rəssamı (2002).Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002-ci ildən). Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədri (2009).
Rais Rəsulzadə 1946-cı ildə uzaq Qazaxıstanda dünyaya göz açmışdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov dostu Rais Rəsulzadənin adının mənasına da aydınlıq gətirmişdir: "Ra" qədim şumerdə "Günəş" deməkdir, "is" işıq, istilik. Adındakı nur, hərarət, qaynarlıq sənətkar dostumuz, Azərbaycanın Əməkdar Rəssamı, Məhəmməd Əmin Rəsulzadənin yadigarı Rais Rəsulzadənin varlığına və yaratdığı hər əsərdə var.
Rais Rəsulzadə 3 yaşından anasız qalır. Təbii ki, məktəbi ana dilində deyil, rus dilində oxumalı olur. Amma buna baxmayaraq, o, yaxşı oxuyur və hətta uşaq yaşlarından şahmat oynayır və çempionatlarda birincilik də qazanmışdır. Orta məktəbi, həm də qiyabi universiteti bitirəndə artıq 50–60 əsəri var idi.