Rza Avşar
Rza Muxtar oğlu Avşarov (Rza Avşar; 26 sentyabr 1949, Kirovabad) — müasir Azərbaycan rəssamlıq məktəbinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikasının əməkdar rəssamı (2009).
Rza Avşarov 26 sentyabr 1949-cu ildə Gəncə şəhərində Azərbaycanın Xalq artisti, istedadı, sadəliyi və vətənpərvərliyi ilə tanınan, görkəmli teatr və kino aktyoru, xalqımızın sevimlisi Muxtar Avşarovun ailəsində dünyaya göz açmışdır. Uşaq yaşlarından atası ilə birlikdə C. Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının daimi tamaşaçısına çevrilsə də onun diqqətini aktyorların oyunundan daha çox müxtəlif obrazların təsirli oyununun reallıq kimi qəbulunu şərtləndirən əlvan dekorasiyalar cəlb edirdi. O vaxtlar yəqin ki, nə zamansa teatrda hələ o dövrdə adlarını çəkə bilmədiyi rəssamlar kimi tamaşalara tərtibat verə biləcəyi ağlına belə gəlməzdi.
Nəhayət, o bir müddət sonra rəssam olmağa qərar verir.
Elə bu istəklə də Gəncə Rəssamlıq Məktəbinə daxil olan Rza Avşar sonralar, 1965–1969-cu illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində Ə. Məmmədovdan, Abdülxaliq və Arif Qazıyevdən, 1972–1977-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Bədii qrafika" fakültəsində N. Əbdülrəhmanov və T. Şıxəliyevdən dərs alıb. Rza Avşar ümidləri hələ tələbə ikən, 1973-cü ildə "Respublika yaz sərgisi"ndə nümayiş etdirdiyi "Natürmort" əsəri ilə doğrultmağa başlayıb. Beləcə, axtarışlar axtarışları, sərgilər sərgiləri əvəzlədi və 1982-ci ildə onu SSRİ Rəssamlar İttifaqına üzv qəbul etdilər.
Müasir Azərbaycan rəssamlıq sənətinin tanınmış nümayəndəsi Rza Avşarov bu gün kamil bir sənətkar kimi incəsənətimizin zəngin ənənələrini əsərlərində Qərb və Şərq mədəniyyətlərinin üzvü vəhdəti şəklində təcəssüm etdirir. Azərbaycan Ağsaqqallar Şurasının üzvü olaraq ictimai fəaliyyətini yaradıcılığı ilə həmişə sıx bağlayaraq, Vətənimizin gözəllikləri ilə yanaşı, ağrı-acılarını da əks etdirdiyi əsərləri ilə gənc nəslin vətənpərvərlik və milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə olunmasına mühüm töhfələr verir.