Rəmziyyə Veysəlova
Rəmziyyə Osman qızı Veysəlova (11 fevral 1914, Bakı – 22 avqust 1993, Gəncə) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1958).
Rəmziyyə Veysəlova 1914-cü il fevral ayının 11-də Bakıda anadan olmuş Acar qızı idi. 1920-ci ildə Gürcüstanda Sovet Hakimiyyəti qurulanda onun valideynləri öldürülmüş, evləri isə müsadirə edilmişdi. Bundan sonra onun bütün qohumları Qazaxıstana sürgün edilib. Ailəyə çox yaxın olan təxmini adı dəqiqləşdirilən Petinov adlı bir şəxs həm altı yaşlı Rəmziyyəni, həm də qardaşı Neyməti Nəriman Nərimanovun yanına gətirərmişdir. Daha sonra böyük dövlət xadimi Nəriman Nərimanov uşaqları Bakıda Bahar xanım Ağalarovanın uşaq evinə yerləşdirmişdir. Çox təəssüf ki, Rəmziyyə xanımın qardaşı Neymətin sonraki taleyi barədə məlumat yoxdur. Rəmziyyə Veysəlova Bakıda yeni tipli qız məktəbində bir müddət təhsil almışdır. Yeddinci sinfi bitirəndən sonra, 1929-cu ildə təhsil ala-ala sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olmuşdur. Burada sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Türk İşçi Teatrının yardım heyətinə qəbul olunmuş, kütləvi səhnələrə çıxmış, tamaşalarda iştirak edərək epizodik rollar oynamışdır.