Solmaz Rüstəmova-Tohidi
Solmaz Əli qızı Rüstəmova-Tohidi (20 fevral 1953, Bakı, Azərbaycan SSR) — Azərbaycan alimi, tarix elmləri doktoru, professor, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, İranın tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi. Azərbaycan Respublikasının əməkdar elm xadimi (2018).
== Həyatı ==
Solmaz Rüstəmova-Tohidi 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. Atası, 1918-ci ildə, Ərdəbilin Meşkin mahalı, Noqdı kəndində anadan olmuş, İran Xalq partiyasının (Tudə), daha sonra Azərbaycan Demokrat Firqəsinin üzvü, Seyid Cəfər Pişəvərinin yaxın sirdaşlarından biri olan Əli Tohidi-Rüstəmov, anası Xanımbacı Sahib qızı Hadıyeva olub. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1985-ci ildə farsca "İran kommunist mətbuatı mühacirətdə" (fars. مطبوعات کمونیست ایران در مهاجرت) mövzusunda namizədlik, 2001-ci ildə "Kominternin Şərq siyasəti və İran" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. 1995-ci ildən Niderlandın Sosial Tarix İnstitutunun Qafqaz üzrə, 2010-cu ildən Qafqaz və Orta Asiya üzrə nümayəndəsidir.
== Elmi fəaliyyəti ==
Elmi tədqiqat istiqamətləri: XX əsrin birinci yarısında Qafqazın, Azərbaycanın, İranın və Türkiyənin siyasi tarixi, bu ölkələrdə nəşr tarixi, ideologiya tarixi, Komintern tarixi, milli-azadlıq hərəkatlarının tarixi, Qafqazda repressiya, deportasiya tarixi və onun nəzəri aspektləri, miqrasiya tarixi, İran cəmiyyəti tarixi.
Elmi işləri Azərbaycanda, Rusiyada, İranda, Türkiyədə, İngiltərədə, Niderlandda, Avstriyada, Gürcüstanda, Özbəkistanda, Qazaxıstanda müxtəlif dillərdə: Azərbaycan, rus, ingilis, türk, fars dillərində nəşr edilmişdir.