İlham Tumas
İlham Tumas (tam adı: İlham Əli oğlu Ağayev; d. 1972, Sumqayıt, Azərbaycan SSR) — azərbaycanlı jurnalist, ssenari müəllifi, rejissor, 1-ci Qarabağ müharibəsi veteranı, Vətən Müharibəsi iştirakçısı. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə Füzuli rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, "Füzulinin azad olunmasına görə", Müdafiə Nazirinin 30.12.2020-ci il tarixli 0249t saylı əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə təltif edilib.
İlham Tumas 1972-ci il oktyabr ayının 19-da Azərbaycanın Sumqayıt şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin fizika (1990–1992) və Sosial elmlər və psixologiya fakültəsində (1993–1996) təhsil alıb, ixtisasca filosofdur. 1992–1993-cü illərdə könüllü olaraq Qarabağ döyüşlərində iştirak edib
, N saylı hərbi hissənin tərkibində əlahiddə "Qurtuluş" taborunda Tərtər ətrafında gedən döyüşlərdə iştirak edib. 1996–2000-ci illərdə zabit kimi N saylı hərbi hissədə taqım komandiri, kadrlar və nizami bölmə rəisinin müavini kimi hərbi xidmət keçib, ehtiyatda olan baş leytenantdır.
Hərbidən sonra fasilələrlə Cəmşid Naxçıvanski adına Hərbi Litseydə, Azərbaycan Milli Məclisinin Aparatında işləyib.
Mətbuatda ilk yazısı 1992-ci ildə "Azərbaycan" qəzetində dərc olunub. Müxtəlif mətbu orqanlarda, o cümlədən, "Avrasiya", "Kino", "Ayna", "Panorama", "Hürriyyət", "Vətəndaş Həmrəyli", "Xural", "Ekspress" qəzetlərində çalışıb.