Vaqiyənəvis
Vaqiyənəvis və ya Məclisnəvis - Səfəvi dövlətinin idarə quruluşunda məsul məmurlar arasında yer alan vəzifələrdən biri. Viladimr Minorskinin Şardenin səyahətnaməsinə əsasən verdiyi məlumatlara əsasən vəzir-i əzəm sarayda olmadıqda onun işlərini də vaqiyənəvis idarə edirdi. O, məclislərdə və yığıncaqlarda şahın solunda oturduğuna görə mənbələrdə bəzən “sol vəzir” adlandırılmışdır. Şarden yazır ki, bütün əyalətlərdə vaqiyənəvislər var idi. Vəzir-i çəp isə onların rəisi idi.
Vilayət hakimlərindən və digər vəzifəli mənsublardan şah adına gələn ərzlər şah tərəfindən məclisnəvisin üstünə göndərilirdi. Məclisnəvis həmin ərzləri şah məclisində səsləndirir və sonra da həmin ərzlərlə bağlı şahın hökmləri əsasında şah rəqəmlərini tərtib edərdi. Bütün məsul məclislərdə iştirak etdiyinə görə, məclisnəvis səltənət daxilində baş verən işlərdən də xəbərdar olurdu və ona görə də o, şahın yaxın ətrafından biri kimi qəbul olunurdu. Səfəvi sarayında olmuş avropalı səyyahlar da apardıqları müşahidələrdən sonra məclisnəvisi şaha çox yaxın olan əyanlardan biri kimi xarakterizə edirdi.
Digər tərəfdən məclisnəvis adı “Təzkirət əl-müluk” əsərində “Alicah Müqərrəb əl-Xaqan Məclisnəvis-i Məxfi-i Behişt Ayin”.