AXC Parlamenti

Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və ya Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanı (az.-əski. آذرنایحان جمهوریتی مجلس مبوثانی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin qanunverici orqanı, Milli Şuranın xələfi. 7 dekabr 1918-ci il saat 13:00-da açılmışdır.

Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanı
az.-əski. آذرنایحان جمهوریتی مجلس مبوثانی
Ümumi məlumatlar
Növü Parlament
Təsis tarixi 7 dekabr 1918
Əvvəlki orqan Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası
Sonrakı orqan I Ümum Azərbaycan Sovetlər Qurultayı
İdarə heyəti
Sədr Əlimərdan bəy Topçubaşov, Müstəqillər fraksiyası
7 dekabr 1918 tarixindən
Sədrin 1-ci müavini Məmmədyusif Cəfərov, Müsavat Partiyası
2 fevral 1920 tarixindən
Sədrin 2-ci müavini Sultan Məcid Qənizadə, İttihad Partiyası
7 avqust 1919 tarixindən
Baş Katib Rza bəy Qaraşarlı, Xalqçı Partiyası
19 fevral 1920 tarixindən
Quruluşu
Üzvlərin sayı 120
27 aprel 1920 üçün27 aprel 1920 üçün
siyasi partiyalar

Hökumət (76)

  Müsavat: 39 oturacaq
  İttihad: 13 oturacaq
  Sosialistlər: 12 oturacaq
  Əhrar: 6 oturacaq
  Bitərəflər: 3 oturacaq
  Fraksiyasızlar: 3 oturacaq

Müxalifət (27)

  Slavyan-Rus Cəmiyyəti: 9 oturacaq
  Daşnaksutun: 7 oturacaq
  Erməni: 5 oturacaq
  Milli azlıqlar: 5 oturacaq
  Sol müstəqillər: 1 oturacaq

Boş (17)

  Boş: 17 oturacaq
Məclis binası
Məclis zalı
Parlamentin iclası (12 mart 1919-cu il)Parlamentin iclası (12 mart 1919-cu il)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1918-ci il may ayının 28-də Zaqafqaziya Seyminin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Beləliklə, Azərbaycanın ilk Parlamenti yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. İstiqlal bəyannaməsində bəyan edildiyi kimi "Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur". 1918-ci il, sentyabrın 17-də Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı. Milli Şuranın qərarından hələ 6 ay keçməmiş, hökumətin təkbaşına hakimiyyəti davam etdirmək səlahiyyəti olduğu halda Fətəli xan Xoyskinin təşəbbüsü və müraciətinə əsasən, 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurası yenidən fəaliyyətə başladı. Hökumətin sədri Fətəli xan Xoyskinin təklifi ilə Azərbaycan Milli Şurası Müəssislər Məclisi çağırmaq işini öz üzərinə götürdü.

Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında parlamentlə əlaqəli qanun qəbul olundu, həmçinin parlamentdə dövlətin hüdudlarında yaşayan bütün millətlərin təmsil olunmalı olduğu qərarı qəbul olundu. Bu ərazilərdə Qafqaz təqvimində verilmiş məlumatlara əsasən 2.750.000 nəfər əhali var. Onlardan 1.900.000 nəfəri müsəlman, 500.000 nəfəri erməni, 230.000 nəfəri isə ruslar idi. Hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10 nümayəndə göndərməlidir.

Beləliklə, Azərbaycan Parlamentini 120 nəfərdən ibarət formalaşdırmaq qərara alınır. Qanunda Parlamentə seçiləcək 21 erməni nümayəndəsindən 8-i Gəncə, 8-i Şuşa, 5-i isə Bakı erməni komitələrindən seçilməli idi. Bakıdakı rus əhalisindən Rus Milli Şurası 10, Alman Milli Şurasından 1, Yəhudi Milli Şurasından 1, Gürcü Milli Şurasından 1 və polyak komitəsindən 1 nəfər nümayəndə göndərilməli idi. Bundan əlavə qanunda Azərbaycan Cümhuriyyəti Parlamentinə Bakı Həmkarlar Təşkilatı Şurası tərəfindən 3, Bakı Sənaye-Ticarət tərəfindən isə 2 nümayəndənin göndərilməsi də nəzərdə tutulurdu.[1] Parlamentin üzvlərinin deputat toxunulmazlığı var idi.

Azərbaycan Milli Şurasının 19 noyabr 1918-ci il tarixli iclasının qərarına əsasən hələ 1917-ci ilin sonlarında Ümumrusiya Müəssislər Məclisinə seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə birbaşa yeni yaradılacaq parlamentin tərkibinə daxil edilirdi. Müsəlmanlardan qalan 36 deputat və başqa millətlərin nümayəndələri yenidən seçilməli idi. Yeni Parlamentin formalaşdırılması 1918-ci il dekabrın 3-də başa çatdırılmalı idi.[2]

Azərbaycan Cümhuriyyəti Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından onun sədri Məhəmməd Əmin Rəsulzadənin imzası ilə 1918-ci il noyabrın 29-da Azərbaycan və rus dillərində "Bütün Azərbaycan əhalisinə!" Müraciətnaməsi dərc edilir. Həmin Müraciətnamədə deyilirdi:

" "Vətəndaşlar! Müharibə və inqilab zamanının fövqəladə əhvalını nəzərə alaraq tətil etmiş olan Azərbaycan Şurai-Millisi iqtizai-zaman ilə təkrar Azərbaycanın paytaxtı Bakıda toplandı. Şurai-Millinin ən əvvəl qəbul etdiyi qanun sırf Azərbaycan müsəlmanlarına məxsus olan Şurai-Millini milli bir şəkildən çıxarıb da dövləti bir şəkilə salmaq oldu. Bu ayın 19-da qəbul etdiyi qanunnaməyə görə Şurai-Milli dekabrın 3-nə qədər 120 əzalıq bir Məclisi-Məbusan (Parlament) halına gələcəkdir. Bu məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kimi, məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır. Bu surətlə yığılacaq məbusan irəlidə ümumi intixab üsulu ilə Azərbaycan Məclisi Müəssisanı yığışıncaya qədər yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeini müdafiə edəcək... bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı bir tərəfə qoyaq. Tarix hamımıza bir yerdə yaşamaq məcburiyyətində qoyub. Yeni başlayan həyatın təbii məşəqqətlərini asanlıqla çəkmək üçün yaşayışımızı aqil və insani əsaslar üzərində quraq, bir-biriminizi sevək, ehtiram edək. Milli və məzhəb fərqlərinə baxmayaraq, bütün Azərbaycan vətəndaşları bir vətənin övladlarıdır. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və öz səadətlərinə birlikdə yetişmək üçün onlar bir-birinə əl uzatmalı və yardım etməlidirlər.[3][4] "

Parlament 17 aylıq fəaliyyəti dövründə 145 iclas keçirmişdir. Bu müddətdə 270-dən artıq qanun layihəsi müzakirəyə çıxarılmış, onlardan 230-a yaxını təsdiq edilmişdir.[5]

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı (7 dekabr 1918-ci il)

1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş Qızlar Məktəbinin binasında (hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söylədi.[6]

Müsavat fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, doktor Həsən bəy Ağayev isə sədrin birinci müavini seçildi. Paris Sülh Konfransına yola düşmüş Əlimərdan bəy Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə Həsən bəy Ağayev rəhbərlik etdi. Parlamentin ilk iclasındaca Fətəli xan Xoyski hökumətinin istefası qəbul edildi və yeni hökumətin təşkil olunması qərara alındı. Yeni hökumətin təşkili yenidən Fətəli xan Xoyskiyə tapşırıldı. 1918-ci il dekabrın 26-da Fətəli xan Xoyski parlamentdə öz proqramı ilə çıxış etdi və yeni hökumətin tərkibini təsdiq olunmağa təqdim etdi. Parlament hökumətin proqramını qəbul etdi və Fətəli xan Xoyskinin təşkil etdiyi hökumətə etimad göstərdi.

Üzv problemləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Parlamentində ermənilərə 21, ruslara isə 10 yer ayırmasına baxmayaraq, onlar parlamentin açılışında iştirak etmədilər. Bakı Rus Milli Şurası parlamentdə iştirak etməmək haqqında qərar qəbul edir. Onlar sübut etməyə çalışırdılar ki, Azərbaycan öz müstəqilliyini elan etməkdə "Vahid və bölünməz Rusiya" ideyasına xilaf çıxmışdı. Rus Milli Şurası özünün parlament və hökumətdə iştirakını "Azərbaycanın Rusiyadan ayrılması faktının tanınması" və beləliklə Azərbaycanın beynəlxalq aləmdə tanınması işini asanlaşdırdığını hesab edərək rədd etmişdir.[7]. Rus Milli Şurasının qəbul etdiyi qərarın əksinə, Bakıda fəaliyyət göstərən Slavyan-rus cəmiyyəti Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadəyə müraciət edərək həmin cəmiyyətin nümayəndələrinin Azərbaycanda "ümumi dövlət quruculuğu işlərində iştirak etmək üçün onların" parlamentə daxil olmalarına razılıq verməyi xahiş etdilər.[8]

Rus Milli Şurası ilə yanaşı Erməni Milli Şuraları da parlamentdən iştirakdan imtina etmişdi. Ermənilərin Azərbaycan Parlamentində iştirak etməmək taktikası iki aydan çox davam edir. Nəhayət onlar da fevral ayında Parlamentdə iştirak etmək haqqında qərar qəbul edirlər. Onlar 1919-cu ilin aprel ayından etibarən Azərbaycan Parlamentində iki fraksiya — Erməni fraksiyası və Daşnaksütyun fraksiyaları yaradaraq fəaliyyət göstərdilər. Parlamentdə onların sonrakı fəaliyyətləri göstərdi ki, ermənilərin Azərbaycan Parlamentində iştirak etmələrinin başlıca səbəbi Azərbaycan dövlətçiliyinin yaranmasına, Azərbaycan iqtisadiyyatı və mədəniyyətinin inkişafına xidmət etmək üçün deyil, özlərinin şovinist separatçı "Böyük Ermənistan" ideyalarının təbliği məsələlərinə yeni bir tribuna əldə etmək olmuşdu.[9]

Bundan əlavə, ölkədə ali hakimiyyəti öz əlində cəmləşdirmiş və sayı 100 nəfərə çatmayan Parlamentdə 11 fraksiya və qrupun fəaliyyət göstərməsi də olduqca mürəkkəb daxili və beynəlxalq şəraitdə müstəqil dövlət quruculuğuna ciddi əngəl törədirdi. Məsələn, Sosialistlər fraksiyası müntəzəm olaraq, Azərbaycanın Sovet Rusiyasına birləşdirilməsini təbliğ etmiş, Sovet Rusiyasında diplomatik nümayəndəlik açılması barədə qərar qəbul edilməsinə nail olmuş, nəhayət, Qızıl Ordunun ölkəyə müdaxiləsinə tərəfdar çıxmışdır.

Son iclas və aprel işğalı

[redaktə | mənbəni redaktə et]

1920-ci il aprelin 26-dan 27-nə keçən gecə işğalçı 11-ci Qırmızı Ordu hissələri müharibə elan etmədən müstəqil Azərbaycan dövlətinin sərhədlərini keçdi və Bakıya hücum etdi. Bakı, eyni zamanda, dənizdən də mühasirəyə alındı. Aprelin 27-də səhər tezdən kommunistlərin silahlı dəstələri həm şəhər daxilində, həm də onun kənarlarında mühüm obyektləri ələ keçirdilər. Əslində Azərbaycan Xalq Cümhuriyyətinin devrilmiş olduğu həmin şəraitdə, işğalçıların diktəsi ilə hərəkət edən kommunistlərin nümayəndə heyəti Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi, Rusiya Kommunist (bolşevikler) Partiyası Qafqaz Diyar Komitəsinin Bakı bürosu və Mərkəzi Fəhlə Konfransı adından Azərbaycan Parlamentinə hakimiyyəti təhvil vermək barədə ultimatum verdi. Bununla əlaqədar olaraq, hələ martın 30-da Nəsib bəy Yusifbəylinin istefasından sonra, yeni hökumətin təşkil olunması tapşırılmış Məmmədhəsən Hacınskinin başçılıq etdiyi, Məhəmməd Əmin Rəsulzadə, Qara bəy Qarabəyov, Aslan bəy Səfikürdski, Aslan bəy QardaşovSəməd ağa Ağamalıoğlunun da daxil olduğu xüsusi komissiya yaradıldı. Azərbaycan bolşevikləri ilə sıx əlaqə saxlayan Məmməd Həsən Hacınski kommunistlərlə danışıqlar apardı. Göstərilən ultimatum və komissiyanın apardığı danışıqların nəticələri Məmməd Yusif Cəfərovun sədrliyi ilə parlamentin sonuncu (145-ci) iclasında müzakirə olundu. İclas aprelin 27-də axşam saat 20:45-də başlandı ve 23:25-dək davam etdi. Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə müzakirələr zamanı parlamentin qapıları xalqın üzünə açıldı. Məhəmməd Əmin Rəsulzadə çıxışında belə demişdi:

" Cənablar! Çıxardığımız tarixi qərarı millətdən bixəbər çıxarmayaq. Ölkə Parlamentinin qapısını açıq qoyaq ki, hər kəs nə cür təhlükəli vəziyyət içində olduğumuzu, nə cür qərar qəbul edəcəyimizi bilsin. Ona görə də təklif edirəm ki, məclisimizin qapılarını millət üzünə bağlamayaq və millətdən bixəbər qərar qəbul etməyək.[10] "

Ultimatum barədə məlumat verən Məmmədhəsən Hacınski bildirdi ki, hakimiyyət bu gün axşam kommunistlərə təhvil verilməlidir, AK(b)P-nin Mərkəzi Komitəsi bildirir ki, əks təqdirdə hakimiyyətin Qırmızı Orduya təhvil verilməsi üçün əlindən gələni edəcəkdir. Kommunistlər həm də xəbərdarlıq edirlər ki, əgər biz bu gecə hakimiyyəti onlara təhvil verməsək, parlamentdə təmsil olunan siyasi partiyalar, o cümlədən Müsavat Partiyası qadağan olunacaqdır. Məmmədhəsən Hacınski həmçinin, məlumat verdi ki, kommunistlər bizim təkliflərimizə baxmaqdan imtina etdilər və xəbərdarlıq etdilər ki, hakimiyyətin könüllü surətdə təslim edilməyəcəyi halda bunun nəticələri üçün bütün məsuliyyət parlament üzvlərinin üzərinə düşür. Çıxışının sonunda Məmmədhəsən Hacınski parlament üzvlərini mövcud vəziyyətdə "millətin qurtuluşu naminə" yeganə düzgün qərar qəbul etməyə çağırdı. Lakin Səməd ağa Ağamalıoğlu, Qara bəy Qarabəyov, Aslan bəy Səfikürdski, Məhəmməd Əmin RəsulzadəSultan Məcid Qənizadə Məmmədhəsən Hacınskinin hakimiyyətin kommunistlərə qeyd-şərtsiz təslim edilməsi təklifinə qarşı çıxdılar. Bununla belə, qan tökülməsinin qarşısını almaq üçün hakimiyyətin yalnız müəyyən şərtlərlə, hər şeydən əvvəl, vətənin müstəqilliyinin saxlanılması şərti ilə kommunistlərə verilməsinə tərəfdar olduqlarını bildirdilər. Nəticədə, parlament səs çoxluğu ilə aşağıdakı şərtlərlə hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul etdi:

  1. Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir;
  2. Azərbaycan Kommunist Firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır;
  3. Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir;
  4. Hökumət idarələrinin bütün qulluqçuları öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir;
  5. Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlament və Hökumət üzvlərinin heyatının və əmlakının toxunulmazlığına təminat verir;
  6. Qırmızı Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək;
  7. Yeni hökumət, haradan baş verməsindən asılı olmayaraq, Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı öz sərəncamında olan vasitələrlə qəti tədbirlər görəcəkdir.[11]

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti mühasirə şəraitində keçirdiyi həmin iclasında da özünün demokratik ənənələrinə və istiqlalçılıq ideyalarına sadiq qaldı. Lakin işğalçılar Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin hakimiyyəti dinc yolla, qan tökülmədən kommunistlərə təhvil vermək haqqında qərarına məhəl qoymadılar. Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi və XI Qızıl Ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Azərbaycan yenidən Rusiya tərəfindən işğal edildi.

Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında qurur. Parlamentin təşkili haqqında qəbul edilmiş qanunda Parlamentin 120 nəfərdən ibarət olması nəzərdə tutulmuşdursa da müxtəlif səbəblərdən heç vaxt Parlamentdə bu sayda deputat olmamışdır.

Bununla belə, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti ərzində, o cümlədən 17 aylıq fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə yüksək səviyyəli qanunvericilik aktları və qərarlar qəbul etmişdir.[12]

Azərbaycan Parlamentinin ilk iclaslarında onun işində iştirak edən partiya fraksiya və qrupları özfəaliyyət proqramları haqqında bəyanatlar verirlər. Bu bəyanatlarda Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq Azərbaycan xalqının və hökumətinin digər xalqlar və hökumətlərlə, xüsusilə qonşu hökumətlərlə dostluq əlaqələrini yaratmaq və möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq fikirləri ortaqlıq təşkil edirdi.[9]

Parlamentin cəmi 145 iclası olmuşdur. Yetərsay olmadığı üçün bu iclaslardan 15-i baş tutmamışdır. Qalan 130 iclasdan ikisi tarixi — Azərbaycan İstiqlalının birinci ildönümü münasibətilə 28 may 1919-cu ildə və Bakının azad edilməsinin birinci ildönümü münasibətilə 15 sentyabr 1919-cu ildə, dördü təntənəli 12 mart 1919-cu il və 12 mart 1920-ci illərdə Böyük Rus İnqilabının 2-ci və 3-cü ildönümləri; 27 iyun 1919-cu il Azərbaycanla-Gürcüstan arasında hərbi əməkdaşlıq haqqında müqavilə bağlanması və 14 yanvar 1920-ci il Paris Sülh Konfransı iştirakçısı olan dövlətlər tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanınması münasibətilə keçirilmişdir. İkisi isə fövqəladə vəziyyətlə bağlı — 1918-ci il dekabrın 20-də Ermənistanın Gürcüstana müharibə elan etməsi və 1920-ci il martın 17-də Gürcüstanla-Azərbaycan arasında bağlanmış iqtisadi əməkdaşlıq haqqında müqavilələrin təsdiqi münasibətilə keçirilmiş iclaslardı. Qalan iclaslarda ölkənin daxili və xarici siyasəti, iqtisadiyyat və maliyyə məsələləri, qanunvericilik aktlarının müzakirəsi və qəbulu, ordu quruculuğu və sair məsələlər müzakirə olunmuşdur.[9]

Azərbaycan Parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və Ordu quruculuğu məsələlərinə yönəltmişdi. Qeyd olunmalıdır ki, Parlamentin bu sahədə qəbul etdiyi qanun və qərarların müzakirəsində Parlament üzvləri, bir qayda olaraq, həmrəylik və yekdillik nümayiş etdirirdilər.[12]

1919-cu[ölü keçid] ildə Bakı Dövlət Universitetinin gerbi

Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq baxçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı.

Parlament 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qanun qəbul etdi.[12]

Azərbaycan Parlamenti hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi. Parlament xaricə göndəriləcək gəncləri müəyyən etmək üçün Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Abdulla bəy Əfəndizadə ibarət xüsusi müsabiqə komissiyası yaratmışdı. Komissiyanın qərarına əsasən ali təhsil almaq üçün 45 nəfər Fransa, 23 nəfər İtaliya, 10 nəfər İngiltərə, 9 nəfər Türkiyə ali məktəblərinə göndərilmişdi. Rusiyada oxumaq üçün seçilmiş 13 nəfər gənc orada Vətəndaş müharibəsi başlandığı üçün təhsil almağa gedə bilməmişdi.[13]

Xarici siyasət

[redaktə | mənbəni redaktə et]
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin və Hökumətinin üzvləri AXC-nin rəsmən tanınması şərəfinə (14 yanvar 1920-ci il)

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və hökuməti respublikanın beynəlxalq aləmdə tanınması üçün iş aparırdı. Bununla bağlı olaraq 1918-ci il dekabrın 28-də parlamentin sədri Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında parlament qərar qəbul etmişdi. Parlament sədri Əlimərdan bəy Topçubaşov ağır çətinlikləri dəf edərək Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olsa da XI Qırmızı Ordunun Azərbaycanı işğal etməsilə onun bu sahədəki fəaliyyəti yarımçıq qaldı.

Azərbaycan Parlamentinin və Cümhuriyyət hökumətinin fəaliyyətinin çox mühüm hissəsini yaxın qonşularla münasibətlər və sərhəd məsələləri olmuşdur. Aparılan çox gərgin işdən sonra Gürcüstanla münasibətlər nizama salınsa da, Ermənistan hökumətinin böyük ərazi iddiaları üzündən Azərbaycan-Ermənistan münasibətlərini normal məcraya yönəltmək mümkün olmamışdı.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə qonşu Qacarlar İranı ilə də bir sıra saziş və müqavilələr imzalanmış və həmin sənədlər Parlamentdə təsdiq olunmuşdur.[12]

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər.

Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi: Maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssislər Məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər: sorğular üzrə, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və fəhlə məsələləri üzrə komissiyalar.[9]

Parlamentin fəaliyyəti xüsusi olaraq bu məqsəd üçün hazırlanmış nizamnamə – "Azərbaycan Parlamentinin nakazı (təlimatı)" əsasında idarə olunurdu.

Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətinə belə qiymət verirdi:

" Millət məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə – vəzifə yox idi. Parlament hakimi-mütləq idi.[14] "

Azərbaycan Cümhuriyyəti Parlamentin stenoqrafik hesabatlarında qeyd olunur ki, seçkilər gizli olacaq və müsəlmanlardan Məclisi-Məbusana, yəni parlamentə Milli Şuranın tərkibində olan 44 nəfər üzvə əlavə olaraq daha 36 üzv seçiləcəkdi. Cəlb ediləcək üzvlərin say nisbəti aşağıdakı kimi idi:

Azlıq təşkil edən millətlərdən və digər təşkilatlardan:

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sələfi olan Milli Şuranın və hökumətin (I XoykiII Xoyski) Gəncədə yerləşdiyi bina hal-hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin baş korpusuAzərbaycan Xalq Cümhuriyyəti Muzeyi yerləşir.

Hökumət Bakının işğaldan azad olunnmasından sonra Bakıya köçdü. Fəaliyyətə 7 dekabr 1918-ci il tarixində başlayan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin binası hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının balansındadır.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin rəhbər heyəti aşağıdakı cədvəldə öz əksini tapıb[16]:

Vəzifə Şəkil Adı və soyadı Seçildiyi tarix Bitmə tarixi Partiya
Sədarət
Parlament sədri
Əlimərdan bəy Topçubaşov 7 dekabr 1918 29 dekabr 1919 Partiyasız
29 dekabr 1919 27 aprel 1920
Müvəqqəti sədr
Məmmədrza ağa Vəkilov 29 dekabr 1919 29 dekabr 1919 Müsavat Partiyası
2 fevral 1920 2 fevral 1920
Sədrin baş müavini
Həsən bəy Ağayev 7 dekabr 1918 29 dekabr 1919 Müsavat Partiyası
29 dekabr 1919 22 yanvar 1920
Məmməd Yusif Cəfərov 2 fevral 1920 27 aprel 1920 Bitərəf
Sədrin 2-ci müavini
Sultan Məcid Qənizadə 7 avqust 1919 12 yanvar 1920 İttihad Partiyası
12 yanvar 1920 27 aprel 1920
Katiblik
Baş katib
Əhməd bəy Pepinov 15 dekabr 1918 29 dekabr 1919 Hümmət Partiyası
Mehdi bəy Hacınski 29 dekabr 1919 12 yanvar 1920 Müsavat Partiyası
Bağır Rzayev 19 yanvar 1920 16 fevral 1920 Müsəlman Sosialist Bloku
Rza bəy Qaraşarlı 19 fevral 1920 27 aprel 1920 Xalqçı Partiyası
Müvəqqəti katib
Rəhim bəy Vəkilov 7 dekabr 1918 15 dekabr 1918 Müsavat Partiyası
Baş katibin müavini

(katib)

Mehdi bəy Hacınski 16 yanvar 1919 29 dekabr 1919 Müsavat Partiyası
12 yanvar 1920 27 aprel 1920
Baş katibin müavini

(katib)

Bayram Niyazi Kiçikxanlı 16 yanvar 1919 12 yanvar 1920 Əhrar Partiyası
12 yanvar 1920 27 aprel 1920

Azərbaycan Xalq Cümhuriyyəti parlamentli respublika olduğundan parlamentin sədri, eyni zamanda, dövlət başçısı funksiyasını yerinə yetirirdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin nakazına (təlimatına) görə parlamentin iclaslarına onun sədri, sədr olmadıqda əvvəlcə Həsən bəy Ağayev, sonra isə Məmməd Yusif Cəfərov, onlar olmadıqda ikinci müavin Sultan Məcid Qənizadə rəhbərlik edirdilər. Parlamentin iclas protokollarını, qanun və qərarlarını sədr, o olmadıqda, müavini və Parlament iclaslarının katibləri imzalayırdılar. Parlament aparatında bütün işlərə ümumi rəhbərliyi bilavasitə sədr və onun müavinləri həyata keçirirdilər. Onlar bu işləri parlament dəftərxanası, parlament komissiyaları və parlamentdə yaradılmış digər qurumlar vasitəsilə həyata keçirirdilər.

Azərbaycan Xalq Cümhuriyyəti parlamentli respublika olduğundan Parlamentin sədri, eyni zamanda, dövlət başçısı funksiyasını yerinə yetirirdi. Azərbaycan Parlamentinin təlimatına görə Parlamentin iclaslarına onun sədri, sədr olmadıqda əvvəlcə Həsən bəy Ağayev, sonra isə Məmməd Yusif Cəfərov, onlar olmadıqda ikinci müavin Sultan Məcid Qənizadə rəhbərlik edirdilər. Parlamentin iclas protokollarını, qanun və qərarlarını sədr, o olmadıqda, müavini və Parlament iclaslarının katibləri imzalayırdılar. Parlament aparatında bütün işlərə ümumi rəhbərliyi bilavasitə sədr və onun müavinləri həyata keçirirdilər. Onlar bu işləri Parlament dəftərxanası, Parlament komissiyaları və Parlamentdə yaradılmış digər qurumlar vasitəsilə həyata keçirirdilər.

Sədr müavinləri

[redaktə | mənbəni redaktə et]

Parlamentin 19 iyul 1919 tarixli sayca 55-ci iclasında 2-ci sədr müavini seçkisi keçirilmişdir. Seçkidə Əhməd bəy Pepinov 22,Sultan Məcid Qənizadə isə 18 səs toplamışdır. Lakin hər ikisi də bu postdan imtina etmişdir. İclasa sədrlik edən Həsən bəy Ağayev Əhməd bəy Pepinovun Rəyasət Heyətində olduğu üçün imtina haqqının olduğunu elan etdi. Lakin Sultan Məcid Qənizadənin namizədliyi səsə qoymaq istəsə də o, qəti surətdə bu vəzifədən imtina edir.

Parlamentin 7 avqust 1919 tarixli sayca altmış üçüncü iclasında İttihad Partiyası sədrə ikinci müavin postuna Sultan Məcid Qənizadənin namizədliyini irəli sürdü. Səsvermə zamanı Sultan Məcid Qənizadə mövcud 51 səsdən 46-nı toplayaraq sədrin 2-ci müavini seçildi.

Katib müavinləri

[redaktə | mənbəni redaktə et]

Parlamentin 8 yanvar 1919 tarixli iclasında sədrə yeni 2 katib müavininin seçilməsi məsələsi müzakirə olunmuşdur. Müsavat Partiyasının sədri Məhəmməd Əmin Rəsulzadə bu 2 müavindən birinin Əhrar fraksiyasından, digərinin isə Milli azlıqlar fraksiyasından seçilməsini təklif etmişdir. Milli azlıqlar fraksiyasından Moisey Quxman namizəd verməyəcəklərini elan etmişdir. Məhəmməd Əmin Rəsulzadə daha sonra namizədin Bitərəflər fraksiyasından olmasını təklif etmişdir. Bitərəflər fraksiyası da etiraz etdikdən sonra, Şəfi bəy Rüstəmbəyov Müsavat və bitərəflər fraksiyasının namizəd göstərəcəyini elan etmiş və bu qərara etiraz edən olmamışdır. Səsvermədə Əhrar fraksiyası adından Bayram Niyazi Kiçikxanlı, Müsavat və bitərəflər fraksiyası adından isə Mehdi bəy Hacınski seçilmişdir.

Parlamentin müzakirəsinə təqdim olunan qanun layihələri əvvəlcə onun bu və ya digər komissiyasında müzakirə olunur, lazım gəldikdə, yenidən işlənmək üçün geri qaytarılırdı. Parlamentin ümumi iclasının müzakirəsinə yalnız tam hazır vəziyyətdə olan qanun layihələri çıxarılırdı. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində 11 komissiya fəaliyyət göstərirdi: — maliyyə-büdcə komissiyası, qanunvericilik təklifləri komissiyası, Müəssislər məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya, mandat komissiyası, hərbi işlər üzrə komissiya, aqrar məsələlər üzrə komissiya, sorğular üzrə komissiya, təsərrüfat-sərəncamverici məsələlər üzrə komissiya, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət komissiyası, fəhlə məsələləri üzrə komissiya və nəşriyyat-redaksiya komissiyası.

Komissiyalar parlamentin ümumi iclasında Parlament fraksiyaları üzvlərindən təşkil olunmuşdu. Komissiyalara onun üzvləri arasından seçilmiş sədrlər rəhbərlik edirdilər.[17]

Parlament fəaliyyətə başladıqdan sonra Qara bəy Qarabəyov başda olmaqla Parlament Nizamnaməsini hazırlayan komissiya yaradıldı. Nizamnamə layihəsi 1919-cu ilin martın 6-da parlamentin 20-ci iclasında Qara bəy Qarabəyov tərəfindən müzakirəyə təqdim olundu. O, Nizamnamənin 8 fəsil (Parlamentin açılışı və onun üzvlərinin səlahiyyətlərinin yoxlanılması; vəzifəli şəxslərin Parlament tərəfindən seçilməsi; Parlamentin komissiyaları; işlərin Parlamentdə icrası qaydaları; Parlamentin ümumi iclasının aparılması qaydaları; Parlament üzvlərinin şəxsi vəziyyəti; Parlamentin rəyasət heyəti; Parlamentin Nizamnaməsinə yenidən baxılması qaydaları) və 200 maddədən ibarət olması barədə məruzə etdi.[18]

Qara bəy Qarabəyov Parlamentin Nizamnamə layihəsini hazırlayarkən Rusiya İmperiyası Dövlət DumasıZaqafqaziya seyminin nizamnamələrindən istifadə olunduğunu bildirdi və Nizamnamənin rus dilindəki layihəsinin oxunmasını təklif etdi. Məhəmməd Əmin Rəsulzadə isə bunun əleyhinə çıxaraq, Nizamnamə layihəsinin Azərbaycan dilində oxunması təklifini irəli sürdü. Qara bəy Qarabəyov öz təklifi barədə aydınlıq yaradaraq bildirdi ki, Nizamnamənin ruscadan Azərbaycan dilinə tərcüməsi mükəmməl deyildir. Bu təklif nəzərə alındı və bundan sonra Nizamnamə layihəsi parlamentin həmin iclasında, ardı isə 10 mart tarixli iclasında fəsil-fəsil oxunub müzakirə olunmuş, əlavə və dəyişikliklərlə qəbul edilmişdir. Nizamnamə axırıncı — üçüncü oxunuşda Parlamentin martın 17-də keçirilən iclasında müzakirə olunmadan yekdilliklə qəbul edilmişdir.[19]

Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1920 il aprelin 27-də keçirilən son fövqəladə iclasına qədər bu Nizamnamə əsasında fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti Nizamnaməsinin tam mətni Parlamentin stenoqrafik hesabatlarının rus dilindəki cildində dərc edilmişdir.[18]

Parlamentin Mühafizə Dəstəsi

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin, onun rəhbərlərinin və digər dövlət əhəmiyyətli obyektlərin mühafizəsininin təşkili üçün 1919-cu ilin fevralın 18-də parlamentin 15-ci iclasında "Azərbaycan parlamentinin mühafizə dəstəsinin yaradılması haqqında" Qanun qəbul olunmuşdu.[20] Həmin tarixdə keçirilmiş iclasda büdcə-maliyyə komissiyasının rəhbəri Abuzər bəy Rzayev parlamentin mühafizəsi haqqında qanun layihəsini müzakirəyə çıxarmış, layihə əsasında qanun qəbul edilmişdir.[21] Qanuna əsasən, parlamentin 200 nəfərlik mühafizə dəstəsi təsis edilirdi.[20][22] Mühafizə dəstəsi parlamentin Rəyasət Heyətinin tabeliyində idi. Mühafizə dəstəsinin saxlanılmasına dövlət xəzinəsindən 2200000 rubl məbləğındə vəsait ayrılmışdı. Parlamentin mühafizə dəstəsinin rəisi əvvəllər Birinci Tatar alayında rotmistr rütbəsində xidmət etmiş podpolkovnik Nağı bəy Əlizadə təyin edilmişdi. Mühafizə dəstəsi parlamentin və başqa bir necə əhəmiyyətli dövlət obyektinin mühafizəsini təşkil edirdi. Eyni zamanda, xüsusi və mühüm tapşırıqların yerinə yetirilməsi daha çox mühafizə dəstəsinin şəxsi heyətinə etibar olunurdu.[20]

Mühafizə dəstəsinin əməkdaşları Qarabağda ermənilərlə döyüşlərdə də yaxından iştirak edirdilər. General-mayor Həbib bəy Səlimovun döyüş bölgəsindən Baş Qərərgaha göndərdiyi raportlarda parlamentin mühafizə dəstəsinin igidliyi barədə məlumat verilirdi.[22] Döyüşlərin birində dəstənin praporşiki Nəcəfəliyev başda olmaqla, 16 əsgər həlak olmuş, praporşik Əsgərov, podporuçik Dauşvili, Ərəbov və xeyli əsgər yaralanmışdı.[21] Döyüşən dəstəyə parlament mühafizə dəstəsinin podpraporşiki Mövsüm İbrahimov rəhbərlik edirdi.[20][22]

Üzvləri və fraksiyalar

[redaktə | mənbəni redaktə et]

Parlamentin 120 üzvdən ibarət olması nəzərdə tutulsa da heç bir zaman tam olaraq 120 nəfərdən ibarət olmamışdır. Parlamentdə 10 fraksiya mövcud olmuşdur. Müsavat və bitərəflər fraksiyasının lideri Məhəmməd Əmin Rəsulzadə, İttihad fraksiyasının lideri Qara bəy Qarabəyov, Əhrar fraksiyasının lideri Aslan bəy Qardaşov, Sosialistlər fraksiyasının lideri Səməd ağa Ağamalıyev (və Aslan bəy Səfikürdski), Sol müstəqillər fraksiyasının lideri Abdulla bəy Əfəndiyev, Slavyan-rus Cəmiyyəti fraksiyasının lideri Viktor Klenevski, Milli azlıqlar fraksiyasının lideri Lorens Kun, Erməni fraksiyasının lideri Arşak Paronyan və Daşanksutyun fraksiyasının lideri isə Arşak Malxazyan olmuşdur.

Azərbaycan Parlamentinin işçiləri
  • Məmməd ağa Vəkilov, dəftərxana rəisi
  • Şəfiqə Əfəndizadə, rəis köməkçisi
  • Hüseyn bəy Mirzəcamalov, qanunvericilik şöbəsinin rəisi
  • Abbasəli bəy Hacızadə, inzibati şöbənin rəisi
  • Məmmədsəid Axundov, sədrin xüsusi katibi
  • Həbib Babazadə, kargüzar
  • Camal Paşazadə, kargüzar
  • Qəzənfər Sultanov, kargüzar
  • Cəmaləddin Məmmədzadə, kargüzar
  • Zeynalabdin Gözəlzadə, kargüzar
  • Ceyran Şirinzadə, kargüzar
  • Stanislav Vonsoviç, kargüzar
  • Həsən Mustafazadə, kargüzar
  • Ağalar İskəndərov, kargüzar
  • Mir Əsədulla Seyidməmmədov, mühasib
  • Abbasəli Əsgərzadə, mühasib köməkçisi
  • Əliabbas Məmmədov, mühasib köməkçisi
  • Rübabə Yaqubzadə, qeydiyyatçı
  • Mir Bədrəddin Seyidzadə, qeydiyyatçı
  • Rza bəy Sultanov, parlament həkimi
  • S.Paşazadə, dəftərxana xidmətçisi
  • F.Mustafazadə, dəftərxana xidmətçisi
  • İzzət Hüseynov, dəftərxana xidmətçisi
  • Q.Zeynalzadə, dəftərxana xidmətçisi
  • A.Şeyxzamanov, dəftərxana xidmətçisi
  • Əlirza Atayev, rus dili üzrə redaktor
  • Hüseyn Sadıqov, türk dili üzrə redaktor
  1. "Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). I cild. — Bakı, "Azərbaycan" nəşriyyatı, 1998, s. 11–12". 2018-02-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-01-13.
  2. Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası. I cild, s. 32–33
  3. Azərbaycan Respublikasının Dövlət Arxivi: fond 895, siyahı 1, iş 25, vərəq 3,4,5.
  4. Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild. Bakı: Lider nəşriyyatı, 2004, s. 33
  5. Abbasov, İlham. "Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş hüququ aktlar barədə. Qanunları niyə Nazirlər şurası qəbul edirdi?" (PDF) (az.). http://www.anl.az. Archived from the original on 2023-07-16.
  6. "Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). I cild, s. 13" (PDF). 2018-02-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-01-13.
  7. Azərbaycan Respublikasının Dövlət Arxivi: Fond 895, siyahı 3, iş 7, vərəq 29
  8. Azərbaycan qəzeti, 6 dekabr, 1918-ci il
  9. 1 2 3 4 "Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). I cild, s. 15–18" (PDF). 2018-02-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-01-13.
  10. Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası, I cild, s. 42
  11. "Kommunist" qəzeti, 1920-ci il, 6 may
  12. 1 2 3 4 Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası. I cild, s. 33–40
  13. Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası. II cild. Bakı, 2004, s. 15–16
  14. Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild. Bakı: Lider nəşriyyatı, 2004, s. 41
  15. Azərbaycan Respublikasının Dövlət Arxivi: Fond 895, siyahı 3, iş 7, vərəq 1–2, iş 187, vərəq 1–2.
  16. "Azərbaycan Parlamentinin Tərkibi (Адрес-календарь.Азербайджанской Республики за 1920 год, ч 3. Баку,1920 с.21–23)". 2011-08-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-02.
  17. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 287. ISBN 9952-417-44-4.
  18. 1 2 Aзepбaйджанская Демократическая Pecnyблика (1918–1920). Парламент (стенографические отчеты),Б., 1998
  19. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament (stenoqrafik hesabatlar), c. 1, Bakı.
  20. 1 2 3 4 A. Paşayev, Açılmamış səhifələrin izi ilə, Bakı, 2001
  21. 1 2 Elşad Qoca, Tariximiz, taleyimiz, Bakı, 2001
  22. 1 2 3 Elşad Qoca- Azərbaycan təhlükəsizlik və xüsusi xidmət orqanları (1918–1920), Bakı, 2000

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]