Tarentli Aristoksenus (yun. Ἀριστόξενος ὁ Ταραντῖνος; təq. e.ə. 360 – təq. e.ə. 300, Afina) — yunan filosofu, musiqişünası, peripatetik məktəbin ən görkəmli nümayəndələrindən biri. O, musiqi nəzəriyyəsi üzrə antik dünyanın ən tanınmış alimlərindən biri idi və bu sahədə çoxlu əsərlər yazmışdır. Bundan başqa Aristoksenusun başqa əsərlərindən olan fraqmentləri də zamanımıza çatmışdır.
Aristoksenus | |
---|---|
Doğum tarixi | təq. e.ə. 360 |
Vəfat tarixi | təq. e.ə. 300 |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
"Ritmikanın elementləri" və "Harmonikanın elementləri" adlı kitablar musiqi nəzəriyyəsi sahəsində yazılan və bu sahədə zamanımıza çatmış ilk əsərlərdir. Bu kitablarda musiqi nəzəriyyəsi ritmika, harmoniya və metrika kimi fəsillərə bölünmüşdür[1]. Musiqi alətlərinin araşdırılması da ayrıca bir bölümdə verilmişdir. Bundan başqa, bu kitablarda yunan musiqisinin mənşəyi və növləri haqqında bilgi və onları izah edən istilahlar açıqlanmışdır. Musiqinin özü isə orada səslər, intervallar, sistemlər və cinslər kimi hissələrə bölmüşdür.
Həmçinin, Aristoksenus Pifaqor, Sokrat, Platon və digər filosofların həyat və yaradıcılıqlarını qələmə almışdır. Ancaq onlardan bəzilərinin (Platon və Sokratın) qüsurlarını qabartmış, bəzilərini isə (Arxitusu və Pifaqoru) rəğbətlə yad etmişdir. Bu da onun tərəfkeşliyindən irəli gəlirdi. Bir çox yazılarında o, pifaqorçulara və onların təlimlərinə üstünlük verirdi.
Aristoksenus peripatetizmə pifaqorçuluğun ənənələrini gətirmişdir. O, duyğularla alınan biliyin yanlış olmasını iddia edənlərə qarşı çıxış edirdi. Keçmişdə musiqiçi olduğuna görə Aristoksenus hesab edirdi ki, musiqi həm duyulmalı, həm də düşüncə ilə qavranılmalıdır. Onun fikrincə duyğular idrakın əsasında durur. Bunu iddia edərkən o, pifaqorçulara qarşı çıxış edirdi. Pifaqorçular hesab edirdilər ki, duyğular idrakın yalnız başlanğıcında durur, düşüncə isə onu tamamlayır. Aristoksenus isə idrak prosesində düşüncəni yalnız duyğulardan sonra gələn ikinci dərəcəli amil kimi qəbul edirdi.[2]
Aristoksenusa görə musiqi həm də insanlarda igidlik hisslərini oyatmalıdır. O, hətta musiqi ilə xəstəliklərin müalicə edilməsini də mümkün saymışdır. Onun fikrincə dəbdə olan bayağı musiqi ilə bunları etmək olmur, onlar əxlaq pozuntusuna gətirib çıxardır.[2]