Miletli Eubulides (yun. Εὐβουλίδης, m. ö. IV yüzillik) — qədim yunan filosofu, Sokratın şagirdi, Meqara məktəbinin təmsilçisi.
Evbulides | |
---|---|
q.yun. Εὑβουλίδης | |
Doğum tarixi | e. ə. V əsr |
Doğum yeri | |
Vəfat tarixi | e. ə. IV əsr |
İstiqaməti | Meqara məktəbi[1] |
Əsas maraqları | fəlsəfə, paradoks, aporia |
Evbulidesin fikrincə duyğularımız bizə ətrafımızda olan şeylər haqqında yanlış bilgi verir. İstənilən şeyin həqiqi mahiyyəti onun görkəmində deyil, mahiyyətindədir. Məqsəd də o mahiyyətləri qavramaqdır. Bu kimi iddiaları irəli sürməklə o, Eleyalı Zenonun yolunu getmiş, bir çox ziddiyyətləri (paradoksları) açıqlamış, onların vasitəsi ilə öz fikirlərini əsaslandırmağa çalışmışdır. Bu paradokslar haqqında Diogenes Laertius xəbər verərək onlardan bəzilərinin başqa meqaraçı Diodorus Kronosa aid olduğunu qeyd etmişdir[2]. Həmin paradoksların ən tanınmışları “Yalançı”, “Keçəl”, “Qalaq”, “Elektra” və “Buynuzlu” adlanır. Günümüzə qədər elmi ədəbiyyatda onların çözülməsi haqqında müxtəlif fikirlər irəli sürülür[3].
“Yalançı” (yun. Ψευδόμενον) adlı paradoksda “Mən yalan danışıram” iddiası araşdırılır. Bir tərəfdən bunu iddia edən kəs heç də yalan danışmır, həqiqəti deyir. Çünki, yalan danışdığını etiraf edir. Digər tərəfdən isə bu iddiada o adamın yalan danışdığı iddia edilirsə onda o yalandır. Beləliklə, danışan yalan deyirsə düz danışır. Düz danışırsa, yalan deyir.
Daha bir paradoks “Keçəl” adlanır. Burada Eubulides deyir ki, bir tükü itirən keçəl olmaz, ikincisini itirsə də olmaz. Bəs onda neçənci tükün tökülməsindən başlayaraq insanı keçəl saymaq olar?
Buna bənzər daha bir paradoks “Qalaq” adlanır. Bir ya iki taxıl dəni qalaq deyil. Bəs neçənci dəndən qalaq başlanır?
Bir başqa paradoks “Elektra” adlanır. Elektra adlı qadının qarşısında örtük altında onun qardaşı durub. O, öz qardaşını tanıyır. Ancaq o, o örtüyün altında kimin olduğunu bilmir. Deməli, Elektra öz qardaşını eyni zamanda həm tanıyır, həm də tanımır.
“Buynuzlu” adlanan paradoks isə daha da çox sofizmə yaxınlaşır. Burada Eubulides iddia edir ki, insan bir şeyi itirməmişdirsə, deməli o şey onda var. Əgər o buynuzları itirməyibsə, deməli buynuzludur. Burada bir tərəfdən demək olar ki, olmayan şeyi itirmək olmaz, ancaq digər tərəfdən “məndə olmadığı şeyi heç vaxt itirə bilmərəm” də demək mümkündür.