Ultan qalası — indiki İran ərazisində qala-şəhər.
Ultan qalası | |
---|---|
Ölkə | İran |
Şəhər | Ərdəbil ostanı |
Aidiyyatı | Atropatena |
Tikilmə tarixi | IV—XVII əsrlər |
Material | kərpic |
İstinad nöm. | 1671 |
Kateqoriya | Yaşayış yeri |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Ultan qalası Muğan düzündə, Araz çayının cənub sahilində, Ərdəbil ostanının Ultan kəndindən qərbdə, dəniz səviyyəsindən 67–73 m yüksəklikdə yerləşir. Yerli əhalinin Ultan qalası adlandırdığı bu şəhər xarabalıqlarının qala divarları ilə müdafiə olunan sahəsi düzbucaq biçimdə olub 33 hektar sahəni əhatə edir. Düzbucaqlının küncləri əsas coğrafi cəhətlərə istiqamətlənmişdir. Qalanı eni 10 m-ə çatan müdafiə xəndəyi əhatə edir. Şəhərin qala divarlarından bayırda cənub-qərb, cənub və şərq istiqamətlərində genişlənən rabad yerləşir. Rabadla birlikdə Ultan şəhər xarabalıqlarının ümumi sahəsi 70 hektara yaxındır. Arxeoloji qazıntılar məhdud miqyasda aparılmış, mədəni təbəqənin stratiqrafiyası müəyyənləşdirilmiş, şəhər istehkamları ilə bağlı bir çox suallara aydınlıq gətirilmişdir. Qalınlığı 5 m-ə çatan mədəni təbəqə yatımında dörd inşaat dövrü müəyyənləşdirilmiş, I və II inşaat qatlarında sasani və ərəb fəthləri dövrünün maddi mədəniyyət nümunələri, III və IV inşaat qatlarında isə IX-XI əsrin əvvəllərinə aid faktik materiallar əldə edilmişdir. İstehkam qalıqlarının tədqiqindən məlum olmuşdur ki, şəhərin ilk qala divarı çiy kərpicdən hörülmüş, qalınlığı 4 m olmuşdur. Bu qala divarı sel ilə dağıdıldıqdan sonra onun qalıqları üzərində nisbətən kiçik ölçülü kərpiclərdən yenisi inşa olunmuşdur.
Qazıntılar zamanı əldə olunan arxeoloji materiallar əsasən saxsı qab parçalarından ibarətdir və daha çox orta əsr Beyləqan şəhərinin saxsı məmulatı ilə oxşarlıq təşkil edir.
Tədqiqatçılar ehtimal edirlər ki, Ultan qalası Sasanilər dövründə tikilmiş qalalardandır. Göründüyü kimi, həmin qala Nadir şahın hakimiyyəti dövrünə kimi qorunub saxlanmış, lakin sonralar ruslarla aparılan müharibələr nəticəsində dağılaraq xarabalığa çevrilmişdir.
Azərbaycan arxeologiyası. Altı cilddə. VI cild. Bakı,2008.