Xoşbulaq kurqanları
Xoşbulaq kurqanları — Daşkəsən rayonunun Xoşbulaq kəndi ərazisində daş örtüklü kurqan tipli qəbirlər.
Orta Tunc dövrünə aid kurqanların bir qrupu Daşkəsən rayonunda, Xoşbulaq yaylağında yerləşir. Xoşbulaqdakı 1 №-li kurqan Qoşqarçayın sol sahilində, Zağalı kəndinin müasir qəbirstanlığından şərqdə yerləşir. Dairəvi formalı kurqanın hündürlüyü 0,75, diametri şimal-cənub istiqamətində 11,5, şərq-qərb istiqamətində isə 10 metr olmuşdur. Kurqanın əsas qəbiri İlk Tunc dövrünə aid edilmişdir. Buradan yarımşar formalı qulpu olan küpə, sümükdən hazırlanmış muncuqlar tapılmışdır. Kurqanın torpaq örtüyündə, 1,45 və 1,7 metr dərinlikdə aşkar olunan iki qəbir Orta Tunc dövrünə aiddir. Torpaqda qazılmış qəbirin forması müəyyən edilməmişdir. Birinci qəbirdəki skelet tamamildə çürümüşdür. O, şimal-qərbdən cənub-şərqə doğru, bükülü vəziyyətdə dəfn edilmişdir.