Xəmir
Xəmir — çörək-bulka, qənnadı və makaron sənayesində istifadə olunan yarımfabrikat. Un, su, maya, duz və s.-nin müəyyən nisbətdə qarışığından hazırlanır. Bulka və s. məmulatların dad və ətrini yaxşılaşdırmaq üçün xəmirə yağ, şəkər, yumurta və ətirli-ədviyyəli maddələr də qatılır. Çörəkbişirmədə buğda unu xəmirini acıtmaq üçün ona quru, preslənmiş və ya duru maya, çovdar xəmirinə isə xəmrə əlavə edilir. Unlu qənnadı məmulatlarının əksəriyyətinin hazırlanmasında xəmirdə yumurta, süd, yağ, şəkər və s.-nin miqdarı çoxaldılır və ona maya vurmurlar. Azərbaycanda unlu şirniyyatının (şəkərbura, şorqoğalı, paxlava, kətə və s.) xəmiri xüsusi reseptlə və texnologiya ilə hazırlanır.
Çörəkbişirmə istehsalında texnoloji prosesin birinci və əsas mərhələsi xəmirin hazırlanmasıdır. Bu mərhələ texnoloji prosesin ən uzunmüddətli mərhələsidir. Sonrakı mərhələlər (bölmə, bişirmə) və hazır məhsulun keyfiyyəti daha çox bu mərhələdən asılıdır.