1. Odlanmaq, alovlanmaq, od tutmaq, tutaşmaq. Odun yaxşı yanır.
// Odun, istinin təsiri ilə məhv olmaq, külə dönmək. Kağız tonqala düşüb yandı. Buxarıdakı odunların hamısı yandı. Taya yandı.
2. Həddən artıq od üstə qalmaqdan, yaxud çox qızmaqdan yanmış kimi olmaq, xarab olmaq, qupquru qurumaq, yanıq dadı vermək. Xörək yandı. Ət yandı. Çörəklər təndirdə yandı.
3. İşıq vermək, işıqlanmağa başlamaq. Lampalar yandı. Şam yandı. Evdə elektrik yanır.
4. İşıldamaq, par-par parıldamaq, bərq vurmaq. Qılınclar günəş şüaları altında yanırdı. Barmağında üzüyün qaşı yanır. Otların üzərindəki şeh almaz kimi yanırdı.
5. Bərk qızdırması, hərarəti olmaq. Gecə səhərə qədər bədənim yanıb. Əlimi alnına qoydum, gördüm yanır. – Kişini üç gündü qızdırma tutub, elədi, elədi, təndir kimi yanır. “M.N.lətif.”
// Qan axıb gəlməsindən hərarətlənib qızarmaq. Qulaqlarım yanır. Üzü yanır. Yanaqları yanır.
6. Görünmək, nümayan olmaq, qızararaq parlamaq. Göydə ulduzlar yandı. Üfüqdə qırmızı şəfəq yandı.
// Nura qərq olmaq, işıqlanmaq.
7. Günəş şüalarının təsirindən rəngi qaralmaq. Bədəninin dərisi gündən yanıb.
// Günəşin təsirindən rəngi bozarmaq, rəngi qaçmaq.
8. Yağışsızlıqdan, quraqlıqdan məhv olmaq, qurumaq.
9. Bərk susuzluq hiss etmək, bərk su içmək istəmək, susuzluqdan əziyyət çəkmək.
10. məc. Birisinə qarşı qəzəbi, kini, acığı olmaq; acıq çəkmək (adətən tərkiblərdə).
11. məc. Güclü bir hissi, ehtirası ifadə etmək. Üz-gözü intiqam hissi ilə yanırdı. Gözləri şadlıqdan yanır.
12. dan. Hədərə çıxmaq, boşa getmək, heçə çıxmaq; uduzmaq. Üçlüyü yandı. Kartı yandı.
// Zərər və ziyan çəkmək, dərs almaq. Mən bu işdə yandım.
// məc. Başqasının əziyyətini çəkmək, halına qalmaq, qeydinə qalmaq, başqası üçün heyifsilənmək, acımaq, təəssüf etmək (bəzən “halını”, “əhvalını” sözləri ilə də işlənir). Onun halına yanıram.
13. məc. Çox ələm və kədər çəkmək, hicran çəkmək.
14. Bəzi sözlərə qoşularaq frazeoloji ifadələr düzəldilir; məs.: əlindən yanmaq, oduna yanmaq, canı yanmaq.