is. 1. Yatmaq üçün yorğan-döşək salınmış yer, yorğan-döşək; ümumiyyətlə, yatmaq üçün yer. Yataqdan qalxmaq. Yatağına girib yatdı. – Xan səsə yuxudan ayıldı.
Əvvəl qulaqlarına inanmayıb durdu, yatağının üstə oturdu. Çəmənzəminli.
Dustaqlar daş kimi bərk və quru yataqlarında uzanmışdılar. A.Şaiq.
Ziba yatağına girincə yuxulamışdı. S.Hüseyn.
Məsum kişi … havanın tamam qaranlıqlaşdığını görüb yatağını açdı. Mir Cəlal.
□ Yataq otağı – yatmaq üçün ayrılmış otaq.
O heç bir söz demədən yataq otağına keçdi, …çarpayıya sərildi və o dəqiqə ağır bir yuxuya getdi. M.Hüseyn.
Səməd pilləkəni qalxıb dəhlizdən keçəndə açıq qapıdan yataq otağına nəzər saldı. İ.Hüseynov.
Yatağa düşmək – ağır xəstələnmək, yorğandöşəyə düşmək.
Bir kəndli naxoşlayaraq yatağa düşübmüş… M.İbrahimov.
Anam düşdü yatağa; Döndü solğun yarpağa. S.Rüstəm.
Yataqda olmaq – bax
yatağa düşmək. Neçə gündür yataqdadır.
Yataqdan qalxmaq (durmaq) – sağalmaq, xəstəlikdən durmaq.
// Məc. mənada. Günəş yatağına doğru endi.
2. məc. Bir şeyin çox olduğu yer; yığınaq, yuva.
Sökülmüş köysümü kim, doludur qəmzən xəyalilə; Həramilər yatağı mənzili-viranə bənzətdim. Füzuli.
Şəhri-füzəla, diyari-irfan; Mömin yatağı, qədim Şirvan. M.Ə.Sabir.
3. Payızda, qışda qoyun-quzu, mal-qara saxlanılan yer.
Mal-qaranı çıxardırlar yataqdan; Azan səsi eşidilir uzaqdan. A.Səhhət.
Qoyun yatağı qamışlığın dalında, çölün ortasında, açıq havada salınmışdı. M.İbrahimov.