Ziyaəddin Fəxri Fındıkoğlu
Ziyaəddin Fəxri Fındıkoğlu (1901, Ərzurum, Ərzurum vilayəti – 16 noyabr 1974, İstanbul) – Türkiyənin görkəmli sosioloqu
Ziyaəddin Fəxri Fındıkoğlu 1901-ci ildə Ərzurumun Tortum qəzasında doğulmuşdur. Atası Xəlil Fəxri müxtəlif yerlərdə qazilik etmiş, anası Fatma Zəhra dindar bir qadın olmuşdur. Ziyaəddin Fəxri ilk təhsilini Hakkari və Ərzincanda almış, orta məktəbi Malatya və Kayseridə oxumuşdur. İstanbulda Gələnbevi Liseyini bitirmişdir.
Ziyaəddin Fəxri Fındıkoğlu Poçt Teleqraf Məktəbində də təhsil almış, təhsilini bitirdikdən sonra poçt idarəsində çalışmağa başlamışdır. Fəlsəfəyə göstərdiyi marağa görə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi fəlsəfə dərslərində əvvəlcə dinləyici kimi iştirak etmiş, sonra burada tələbə olaraq təhsilini davam etdirmişdir. Mütəfəkkir İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Fəlsəfə Bölümünü 1924-cü ildə bitirmişdir. Təhsilini tamamlayan Ziyaəddin Fəxri Ərzurum, Sivas və Ankara liseylərində müəllim işləmişdir.
Ziyaəddin Fəxri Fındıkoğlu doktoranturada oxumaq üçün Strasburq Universitetinə getmiş, 1933-cü ildə məzun olaraq İstanbul Universitetinə qayıtmışdır. Alimin Strasburq Universitetində yazdığı doktorluq dissertasiyası Ziya Gökalpla bağlı idi.