Zərrabi məhəlləsi
Zərrabi məhəlləsi — Gəncənin qədim məhəllələrindən biri.
Gəncənin qədim məhəllələrindən olan bu məhəllənin adının mənası haqqında yekdil fikir formalaşmayıb. Bəziləri onu peşə-sənət əlamətinə görə-zərsatan, zərgəlik məmulatları düzəldən sənətkarların yaşadığı yer anlamında izah edirlər. Digərləri isə "zər" və "ab" tərkiblərinə görə (farsca "qızıl" və "su") Zərrabinin qiymətli su çıxan yer kimi adlandırıldığını iddia edirlər.Tarixçi Fərrux Əhmədov bu versiyaların heç birini təkzib etməyərək üçüncü versiyanı irəli sürmüşdür. Onun fikrincə "Zərrab" sözü ərəb dilində "pulkəsən" anlamına gəldiyindən ola bilər ki, əhali zərbxananın, pulkəsilən yerin adı ilə qədim şəhərin bir məhəlləsini belə adlandırıb.
Zərrabi məhəlləsində 1804-cü ilin mayında 39 ev 213 nəfər (106 kişi+107 qadın) adam olmuşdur. 1916-cı ildə isə burada 783 ailə yaşayırdı. Məhəllə sakinlərinin o vaxtlar əsas məşğuliyyəti sənətkarlıq (papaqçılar, çəkməçilər, çəlləkçilər, zərgərlar), dəyirmançılıq və ticarət imiş.
Zərrabi məhəlləsinin məscidi iki kümbəzli, eyvanlı və darovsarlı məscidlər tipində inşa olunmuşdur.
Fərrux Əhmədov bu memarlıq abidəsinin inşası ilə əlaqədar olaraq göstərir ki, bu məscid Zərrabi məhəlləsinin ağsaqallarından Hacı Qəzənfər Kərbəlayi Ağa oğlu, Məşədi Qasım Hacı Əhmədli, Əli bəy Hacıəlibəyov, Kərbəlayi Sur Abdulla oğlu və başqalarının yaxından iştirakı ilə XIX yüzilliyin əvvəllərində məhəllə camaatının hesabına tikilmiş, keçmiş adını yaşadan yeni məsciddir.