is. [
ər. ] Bir şeyin gerçəkliyinə xatircəm olmama, bir şeyin həqiqətə uyğun ola biləcəyi haqqında fikir, güman, şəkk, tərəddüd.
[Nüşabə:] Sənə qəlbimdə bir iman varıdı; Könlümü şübhə, tərəddüd sarıdı. A.Şaiq.
Məlun şübhə Məmmədbağıra rahatlıq vermirdi. S.Hüseyn.
Məşədi Şərifin ürəyi sakit olmur, şübhə, narahatlıq, təşviş onun yaxasından əl çəkmirdi. Ə.Vəliyev.
□ Şübhə doğurmaq (oyandırmaq) – şübhələndirmək, şübhəyə səbəb olmaq.
…Qızın yaxşı geyimi məndə şübhə oyandırdı. M.S.Ordubadi.
…Leylək özünü düzəltməyə, izafi şübhə doğurmamağa, ağasının müqabilində gözükölgəli olmamağa çalışırdı. S.Rəhimov.
Şübhə etmək – bir şeyin gerçəkliyinə tam inanmamaq, xatircəm olmamaq, arxayın olmamaq. Xəbərin düzlüyünə şübhə edirəm.
Şübhə etməmək (eləməmək) – inanmaq, xatircəm olmaq, arxayın olmaq.
Anam buna razı oldu, çünki ondan ayrılmayacağıma şübhə etmirdi. S.S.Axundov.
Tahir Lətifənin aydın baxışlarındakı səmimiyyətə qətiyyən şübhə eləmirdi. M.Hüseyn.
Şübhədən çıxartmaq – inandırmaq, şübhə yeri qoymamaq.
Bir neçə gündən sonra görürsünüz varislər şübhədən çıxmaq üçün özləri gəlib azdan-çoxdan məşədiyə verib halallıq alırlar. Ə.Haqverdiyev.
Şübhəyə düşmək – şübhələnmək, şübhə əmələ gəlmək.
[Axund:] Amma indi ki siz deyirsiniz, [Səriyyə] razı deyil, ərz olsun, mən də şübhəyə düşdüm. C.Cabbarlı.
Şübhəyə salmaq – şübhə doğurmaq, şübhələndirmək.
[Nigar:] Koroğlu, bu qızın sözü məni şübhəyə salıb. “Koroğlu”.
Heç şübhə yoxdur ki… – şübhəsiz, inanın, həqiqətən, gerçəkdən, yəqin.
Heç şübhə yoxdur ki, [qız] vəliəhdi sevdiyini demək istəyirdi, lakin buna cəsarət etmirdi. M.S.Ordubadi.
[Xəyyam:] Varlığım bir heçə bənzər mübhəm; Heç var olmaz, buna yoxdur şübhəm. H.Cavid.