Əflan İbrahimov
Əflan Həsən oğlu İbrahimov (5 mart 1956, Nərimankənd, Mərəzə rayonu) — Müstəqil Xalq Partiyasının sədri, "El" Hərəkatı Ali Məclisinin sabiq sədr müavini, Müasir Müsavat Partiyasının sabiq sədr müavini, Qobustan Rayon İcra Hakimiyyətinin sabiq başçısı, siyasətçi.
Əflan Həsən oğlu İbrahimov 5 mart 1956-cı ildə Nərimankənd kəndində doğulub. O, 1973-cü ildə Şamaxı rayonunun Nərimankənd orta məktəbində, 1973–1977-ci illər Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-statistika fakültəsində təhsil alımışdır. 1977–1979-cu illərdə Sovet ordusunda xidmət etmişdir.
Əflan İbrahimov 1981–1988-ci illərdə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin İslah-Əmək Müəssisələri İdarəsində, 1988–1992-ci illərdə Avtomobil Nəqliyyatı Nazirliyinin nəzdində olan idarələrdə usta-mexanik kimi çalışmışdır. O, 1992–1993-cü illərdə Milli Ordu sıralarında Qarabağın müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. Ehtiyatda olan zabit-kapitandır.
Əflan İbrahimov 1994–1996-cı illərdə Qobustan rayon Səhmdar-Kommersiya Əmanət Bankının müdiri işləmişdir. 2002–2005-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi olmuş və 3-cü dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 2008–2009-cu illərdə isə Loğman Tibb Məktəbində şöbə müdiri vəzifəsində işləmişdir.