Əfrand Daşdəmirov
Əfrand Firuddin oğlu Daşdəmirov (12 mart 1942, Bakı – 7 aprel 2015, Moskva) — AMEA-nın müxbir üzvü (1983), AMEA-nın həqiqi üzvü (1989), Moskva Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, fəlsəfə elmləri doktoru, professor, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti və "Azərbaycan konqresi" qəzetinin redaktoru.
Əfrand Daşdəmirov 12 mart 1942-ci ildə Bakı şəhərində anadan olub. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
1968-ci ildə Moskvada "İndividual şüurun milli məqamları" (rus. "Национальные моменты индивидуального сознания") namizədlik dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildə o, "Şəxsiyyətin sosial varlığının milli və beynəlmiləl formaları" (rus. "Национальные и интернациональные формы социального бытия личности") adlı doktorluq dissertasiyasını müdafiə edir.
Əfrand Daşdəmirov Bakı Ali Partiya Məktəbində kafedra müdiri vəzifəsini tutmuşdur. Uzun illər Ə.F.Daşdəmirov Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda milli münasibətlər və beynəlmiləl tərbiyə şöbəsinin müdiri olmuşdur. 1991-ci ildən o, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasının professorudur.