is. [
ər. ]
1. Öhdəsinə alma, söz vermə, üzərinə götürmə; and. Əhdini yerinə yetirmə.
– Yadlar ilə sürər oldun səfanı; Tərk etdin iqrarı, əhdi, vəfanı. Q.Zakir.
□ Əhd qılmaq (bağlamaq) klas. – bax
əhd etmək.
Əhd qıldın ki, cəfa kəsməyəsən aşiqdən; Aşiqi vədeyi-ehsan ilə məmnun etdin. Füzuli.
[Səriyyə:] Bir-biri ilə əhd bağlamışdıq, ölənəcən bir-birindən ayrılmayaq. C.Cabbarlı.
Əhd etmək (eləmək) – söz vermək, and içmək.
Əhd etdi dil ki, bağlana zəncir zülfünə. S.Ə.Şirvani.
…Əhd edib mən ürəklə and içdim. H.Cavid.
Əhdə vəfa etmək – verdiyi sözü, əhdini, andını yerinə yetirmək.
[Səriyyə:] Rüstəm, əhdinə vəfa et! C.Cabbarlı.
[Minnət xanım:] Mən əhd eləmişdim ki, qonaqların içində üzümü [Mərcan bəyə] göstərim, indi əhdimə vəfa edirəm. Ü.Hacıbəyov.
Əhdinizə vəfa edin; Pozmayın ilqarı, qızlar! Aşıq Hüseyn.
Əhdə durmamaq – bax
əhdindən dönmək (keçmək).
Əhdindən qaçmaq – bax
əhdindən dönmək (keçmək).
Nilufərəm, açmaram; Ətrim bica saçmaram; Yar yolunda baş qoysam; Öz əhdimdən qaçmaram. (Bayatı).
Əhdindən dönmək (keçmək) – vədini yerinə yetirməmək, sözünə əməl etməmək, sözündən qaçmaq.
[Şərəf xanım:] İndi nə olubdur ki, əhdindən dönüb, qızını öz yaşında yoldaşına verirsən?! S.S.Axundov.
[Səriyyə:] Hər cür əziyyətə, məşəqqətə, hətta ölümə də razı olub əhdimizdən dönməyək. C.Cabbarlı.
Əhdinə vəfasız çıxmaq – vədini unutmaq, verdiyi sözə əməl etməmək.
Əhdə çıxsam vəfasız; Onda məni qına, yar! R.Rza.
Əhdinə çatmaq – arzusuna çatmaq.
Qoy öpüm al yanaqdan; Mən də çatım əhdimə. (Bayatı).
Əhdi(ni) qırmaq (sındırmaq, pozmaq) – bax
əhdindən dönmək (keçmək).
Zeynal yalan söyləyib Mehribanı aldatmaqla öz əhdini sındırır, şərtini pozurdu. S.Hüseyn.
[Nüşabə:] Olsa yer, göy mənə qarşı əlbir; Pozmaram əhdi, sözüm birdir, bir! A.Şaiq.
Gün çıxar, dağların əriyər qarı; Pozulmaz dostların əhdi, ilqarı… N.Rəfibəyli.
2. Sözləşmə, əhdləşmə, əhdnamə, müqavilə.
Qardaşlıq əhdini yazmağa gəldim; Köhnə haqsızlığı pozmağa gəldim. Ə.Cavad.
□ Əhd bağlamaq – razılığa gəlmək, qərara almaq, bir-birinə söz vermək.
Sən əhd bağladın, ulduzlar oldu şahidimiz; Sitarələr utanır indi, ey nigar, məndən. Şəhriyar.
Əhd bağlanmaq – razılıq əldə edilmək, qərara alınmaq.
3. köhn. Çağ, vaxt, zaman, dövr.
◊ Əhdi kəsilmək – bax
əhədi kəsilmək (“əhəd”də).
[Qəşəm:] Torpağı ki böldük, düşmənin əhdi kəsiləcək. Mir Cəlal.