Sabir Şəfiyev
Sabir Kərbəlayı Əli oğlu Şəfiyev (28 aprel 1930, Şuşa, DQMV) — SSRİ və Azərbaycan SSR xalq maarifi əlaçısı, professor.
Sabir Əli oğlu Şəfiyev 1930-cu il aprelin 28-də Şuşada anadan olmuşdur. (1932-ci ildə atası, 1936-cı ildə anası dünyalarını dəyişmişlər.
Ailə vəziyyəti ilə əlaqədar S. Şəfiyev bir sıra ümumtəhsil məktəblərində (Bakıda, Şamaxıda və s.) oxuyur və 1946–1947-ci tədris ilində Şamaxı şəhər 1 nömrəli orta məktəbini bitirir. Həmin ildə V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) tarix fakültəsinə daxil olur.
1951–1952-ci dərs ilində Şamaxı rayonunun Göylər kəndində əmək fəaliyyətinə başlamışdır.
S. Şəfiyev 1952-ci ildən 1953-cü ilə qədər Azərbaycan LKGİ Bakı Vilayət Komitəsinin məktəbli gənclər şöbəsində təlimatçı, 1955–1960-cı illərdə isə Naxçıvan Vilayət Komsomol Komitəsində əvvəlcə ikinci, sonra isə birinci katib vəzifələrində işləyir.
1960–1965-ci illərdə Azərbaycan KP MK-nın məktəb və elm şöbəsində təlimatçı, 1965-ci ilin yanvarından noyabrına qədər Ağsu, 1965–1970-ci illərdə isə Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi işləyir.
Əmək fəaliyyəti dövründə o, V çağırış Naxçıvan MSSR Ali Sovetinin, VII çağırış Azərbaycan SSR Ali Sovetinin, Ağsu, Şamaxı rayon, Naxçıvan şəhər sovetlərinin deputatı olmuşdur. O, Azərbaycan Kommunist Partiyasının XXII, XXIII, XXIV, Azərbaycan LKGİ XXI, XXII və ÜİLKGİ-nin XIII qurultaylarının nümayəndəsi seçilmişdir.