sif. 1. Düz istiqamətdə olmayan, düz xətt təşkil etməyən (düz ziddi). Əyri yol. Əyri xətt. Əyri qılınc.
– Cığır dolanbac yol kimi əyri idi. M.İbrahimov.
Murad dedi: – Var, bala; Əyri qazma üsulu. M.Rahim.
// Düz durmayan, düz olmayan, bir yana əyilmiş. Əyri barmaq. Əyri çənə. Əyri mismar. – Xudayar bəyin bir böyük qüsuru var.
Burnu əyridi, əyridi, amma pis əyridi… C.Məmmədquluzadə.
[Qaçayın] burnu bir qədər əyri və iri idi. Ə.Vəliyev.
// Zərf mənasında. Əyri getmək. Mıxı əyri vurmaq.
– Ümumi zəiflikdən başqa [Cəbinin] ayaqları da əyri bitirdi. N.Nərimanov.
□ Əyri baxmaq –
1) gözünün yan tərəfi ilə baxmaq, çəp baxmaq;
2) məc. Narazı, şübhəli, yaxud kinli və hiddətli baxışla baxmaq. Axır vaxtlarda nədənsə mənə əyri baxır.
2. Sözündə, işində, hərəkətində düz olmayan, yalançı, fırıldaqçı. Əyri adam bir gün özünü göstərəcək.
– Əyri adamın bacarıqlı olmağı, düz adamın əfəlliyindən cəmiyyət üçün daha qorxuludur. M.İbrahimov.
□ Əyri danışmaq – düz danışmamaq, səmimi danışmamaq, hiylə işlətmək, biclik etmək.
Əyri getmək –
1) fırıldaq, hiylə yolunu tutmaq, düz yolla getməmək;
2) aldatmaq, vəfasızlıq göstərmək.
Əzəldən arada əhdü peyman var; Əyri getmə, Əslim, yolu düz yeri! “Aşıq Kərəm”.
Əyri görmək – pis şəkildə görmək, xoşuna gəlməyəcək tərzdə görmək.
Niyə bəs böylə bərəldirsən, a qare, gözünü; Yoxsa bu ayinədə əyri görürsən özünü? M.Ə.Sabir.
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. M.P.Vaqif.
Əyri güzgü –
1) əksi düzgün göstərməyən güzgü;
2) məc. bir şeyin təhrif olunmuş əksi.
// İs. mənasında.
Casusmusan ki, yoxsa oğru? Ya əyrimisən ki, yoxsa doğru? Xətayi.
Bir oğru, bir əyri, bir də haramı; Bu üçü bir olsa kolda gizlənər. Xəstə Qasım.
Tənbələ, əyriyə xeyirxahlıq etmək yaxşı işləyənin belindən basmaqdır. M.İbrahimov.
// is. Düzgün olmayan şey.
Şairəm, çünki vəzifəm budur əşar yazım; Bədi bəd, əyrini əyri, düzü həmvar yazım. M.Ə.Sabir.
[Keykavus şah:] Çarə bul, seçilsin doğru əyridən. H.Cavid.
[Vəzir:] Belə olar əyyar sözü; Yanlış deyər əyri, düzü. A.Şaiq.
□ Əyri iş – fırıldaq, hiylə.
…Əyri işlərin haqqında doğru danış. M.S.Ordubadi.
3. is. riyaz. Əyri xətt. Diaqramın əyriləri. Əyrinin nöqtələri.
// Hər hansı bir prosesin kəmiyyət nisbətini göstərən (əyri xətt şəklində) qrafik təsvir. Temperatur əyrisi. Yağıntı əyrisi.
◊ Əyri göz – mövhumatçıların etiqadınca, gözü dəyə bilən adamın gözü.
[Qızyetər:] Yox… yox…, qadan alım, min əyri göz var; Bircə farağat dur, … göz dəyər sənə. S.Vurğun.
Əyri (gözlə) baxmaq – qeyri-məmnun, narazı, acıqlı yaxud şübhəli nəzərlə baxmaq. Əyri gözlə mənə baxdı.
Əyri-əyri baxmaq – bax
əyri (gözlə) baxmaq.
Sona əyri-əyri baxır Məşədi Zeynəbin üzünə və birdən onun üstünə hücum çəkib itələyir. C.Məmmədquluzadə.
Hacı Rəsul çomaqlı kəndliyə əyri-əyri baxdı. Mir Cəlal.
Molla Şirəlinin ən çox zəhləsi getdiyi, ona əyri-əyri baxıb salam verməyən cavanlar idi. S.Rəhman.
Əyri oturaq (oturub), düz danışaq – bir-birimizdən incisək də, həqiqəti olduğu kimi deyək.
Ey fələk, gəl ki, bir əyri oturub düz danışaq. S.Ə.Şirvani.
[Gəray ağa:] Gəl burada, bu qapalı otaqda, bu İçərişəhərdə əyri oturub düz danışaq! S.Rəhimov.