Aşıq havaları
Aşıq havaları — Azərbaycan musiqi folklorunun əsas sahələrindən biri. Müasir aşıqların repertuarında daim işlənib kamilləşən yüzdən artıq klassik hava və onun variantları mövcuddur. Aşıq havalarının xalq dastanları ilə birgə yarandığı, əvvəllər yalnız dastanlarla, sonralar isə eyni zamanda, müstəqil oxunduğu ehtimal edilir. Aşıq havaları məzmun və xarakterinə görə qəhrəmanlıq ruhunda, lirik və nəsihətamiz planda satirik və komik səciyyəli olur. Bu havalarda xalqın sevinc və kədəri, zülm və əsarətə qarşı etirazı, vətənpərvərliyi, qəhrəmanlıq və rəşadəti əks olunmuşdur. "Koroğlu", "Misri", "Orta divani"də mərdlik, cəsurluq, "Qəmərcan", "Gözəlləmə", "Göyçəgülü"ndə oynaqlıq, şən əhvali-ruhiyyə, "Dilqəmi", "Yanıq Kərəmi", "Təcnis"də lirik məhəbbət duyğuları, qüssə və həsrət duyğuları ifadə edilir. Aşıq havaları xüsusiyyətinə görə, əsasən, üç qrupa bölünür: reçitativ (dastanla bağlıdır), yarımreçitativ, mahnı xarakterndə olan havalar. Reçitativdən təğənniyə doğru inkişaf yolu keçmiş Aşıq havaları melodika, vəzn-ritm xüsusiyyətlərinə görə çox zəngin və rəngarəngdir; adətən, strofik formada olur. Bütün havalarda instrumental müqəddimə, əsas mövzu və tamamlama (koda) mövcuddur. Səsin eyni ucalıqda təkrarı, musiqi motivi rüşeymi və bütov ifadələrin variant şəklində təkrar edilməsi, melodiyanın pərdələrlə aşağı hərəkəti, enən sekvensiya Aşıq havalarının səciyyəvi xüsusiyyətlərindəndir.