Ərhan Afyoncu
Ərhan Afyoncu (türk. Erhan Afyoncu d.1967, Tokat, Türkiyə) — Türk tarixçisi, yazıçı, akademik, televiziya proqramçısı və köşə yazarı, Milli Müdafiə Universitetinin rektoru.
Ərhan Afyoncu ibtidai və orta təhsilini doğulduğu yer olan Tokatda almışdır. Qazi Osman Paşa Liseyini bitirdikdən sonra 1984-cü ildə Mərmərə Universiteti Atatürk Pedaqoji fakültəsi Sosial Araşdırmalar Təhsil şöbəsinə daxil olmuş, 1988-ci ildə məzun olduqdan bir il sonra isə həmin şöbədə elmi işçi vəzifəsində işləməyə başlamışdır. Magistratura pilləsini Necati Əfəndi Krımın tarixi (Rus Sefaratname) tezisi ilə, Doktoranturanı isə 1997-ci ildə Osmanlı Dövlət Təşkilatında dəftərxana əmiri (XVI-XVIII əsrlər) tezisi ilə bitirmişdir. 2000-ci ildə köməkçi dosent, 2008-ci ildə dosent, 2014-cü ildə isə professora qədər yüksəlmişdir.
2007-ci ildə 24 televeziya kanalında həftədə 1 dəfə verilən "Keçmiş zaman olur ki" adlı proqrama qatılan Ərhan Afyoncu daha sonra Xəbərtürk televeziyasında Murat Bardakçı və Pelin Batu ilə birlikdə "Tarixin arxa otağı" adlı tarix haqqında proqram hazırladı. Həmçinin ilk nömrəsi 30 may 2010-cu ildə çıxan və 2011-ci ilin 22 may tarixində yayımı dayandırılan "Xəbərtürk tarix" jurnalında köşə yazarı kimi fəaliyyət göstərmiş, eyni zamanda jurnalın akademik vəzifəsini icra etmişdir. 2011-ci ildə Show TV-də yayımlanan “Muhteşem Yüzyıl” ın ilk mövsümündə tarix məsləhətçisi vəzifəsində çalışsa da, serialın ikinci mövsümündə vəzifəsini tərk etmişdi. 11 noyabr 2012-ci il tarixində Türkiyənin o dövrki prezidenti Abdullah Gül tərəfindən Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu idarə heyətinin üzvü olaraq gətirilmişdir.