Aksakovlar
Aksakovlar— Rusiya xalqının tanınmış soylarından biri.
== Soyun yaranması ==
Aksakov soy adı türk sözü axsaq, aksak (fel əsası axsamak, aksamak) sözündən yaranmışdır. Bu mənada da, əlbəttə Aksakov familiyasının türk mənşəyi heç kimdə şübhə yeri qoymur. İlk dəfə adı Kiyev Rus dövlətinin tarixində çəkilən Aksakovun 1027-ci ildə böyük knyaz Yaroslav Vladimiroviçin yanında xidmət etdiyi məlumdur. Yaroslav Vladimiroviç Kiyev Rusunda xristianlığı yayan böyük knyaz Vladimirin oğludur. Salnamələr Aksak xanın özünün 3 min adamıyla Kiyev knyazına xidmətdə olduğunu göstərir. İndi bu faktın necə işıqlandırıldığına, tarix səhnəsində necə əks olunduğuna diqqət yetirək.
Məlumdur ki, qədim slavyanlar bugünkü cənubi rus çöllərinin türkcə danışan ən azı üç xalqı ilə — qara klobuklar (qara qalpaqlar, qara papaqlar), poloveslər (yəni qıpçaqlar, rus dilində polovets "çöl adamı, çölçü") və peçeneqlərlə yaxın əlaqədə idilər. Bu xalqlar yəni qara klobuklar, poloveslər, peçeneqlər, torklar, berendeylər tarixdən məlum olduğuna görə hələ monqola qədərki Rusun taleyində vacib və əhəmiyyətli rol oynamışlar. Hətta müxtəlif din-inancları belə bu dövrün münasibətlərinə təsir edə bilmirdi.