Rus dilində “спускаться” kimi tərcümə edilmiş il felimiz olub. Alçaq sözü də bir vaxtlar ilçaq şəklində işlədilib. Zənn edirəm ki, alt, aşağı, alçaq kimi sözlərin hamısı həmin il feili zəminində meydana çıxıb. Məclisin başına tör, ayaq tərəfinə “il”deyiblər. Belə məlum olur ki, il sözü ad-feil omonimliyinə malik olub və ad korrelyatı “aşağı” anlamını əks etdirib. Bu sözün mənalarından biri “sadə, təvazökar” deməkdir. Zənn edirəm ki, sözün kökü alt, aşağı kəlmələrinin kökü ilə eynidir. -çaq şəkilçisi isə belədir: dilimizdə arzu, meyil bildirən-sa (-sın, -sun) şəkilçisi olub və var (su-sa-maq, gülüm-sən-mək). Beləliklə, söz alsa şəklində feil olub, “sadəliyə meyil etmək” (özünü aşağı tutmaq) mənasını verib. Dara-q, yara-q modelləri üzrə isə alsa-q kəlməsi yaranıb. Sonra s səsi ç ilə əvəz olunub və söz alçaq şəklinə düşüb. Qərb dialektlərində (xüsusən, Qazaxda) alçaq sözü “sadə” mənasında indi də işlədilir.