Aortal qapaq çatışmazlığı
Aortal çatışmazlıq (və ya aortal qaytarma, requrgitasiya) — qanın aortal qapaqdan axının əks istiqamətində aortadan sol mədəciyə sızması sonucunda əmələ gələn ürək qüsuru.
Aortal çatışmazlıq qapaqlardakı və ya aortanın kökündəki (başlanğıcında) anormallıqlar nəticəsində meydana gələ bilər.
== Etiologiya ==
Kəskin aortal çatışmazlığın (AÇ) səbəbləri aşağıdakılar ola bilər:
infeksion endokardit
aortal disseksiya.
Xroniki AÇ-ğın səbəbləri bunlardır:
ikitaylı aortal qapaq — anadangəlmə səbəblərdən biri.
membranoz (konus-mədəcik) və ya konus-çəpər (qıfaoxşar mədəcik) tipli mədəciklərarası çəpərin qüsuru — ən yayqın anadangəlmə anomaliya
aortal qapaq taylarının inkişaf pozuntusu və ya 2–3 tayın olmaması
revmatik qızdırma
infeksion endokardit
miksomatoz degenerasiya
aortal qapaqların və ya kökün degenerativ dəyişiklikləri
qalxan aortanın anomaliyaları
uzunsürən tənzimlənməyən qan təzyiqi
Marfan sindromu
idiopatik aortal genişlənmə
sistik media nekrozu
aortanın qocalıq ektaziyası, genişlənməsi
sifilitik aortit
revmatik xəstəliklər: kollagen damar xəstəlikləri, vaskulitlər (Takayasu arteriiti, nəhəng hüceyrəli arteriit), ankilozlaşan spondilit
başqa spondiloartritlər
Whipple xəstəliyi.
== Əlamətləri ==
Aortal çatışmazlıq iki cür olur:
kəskin AÇ — ağciyər ödemindən müalicə olunmayan ağır kəskin ürək çatışmazlığına və kardiogen şoka keçə bilər, yüksək ölümcüllüklə müşahidə olunur. Çox vaxt kəskin başlanan tövşümə və kəskin ürək çatışmazlığı simptomlarıyla başlayır. Əgər miokardın qan təchizatında və ya aortal disseksiya baş tutubsa, onda bu əlamətlərin üstünə döş qəfəsində ağrılar gəlir.
xroniki AÇ uzun illər boyu gizli, simptomsuz keçə bilər. Tədricən təngnəfəslik, ortopnoe və gecə tövşüməsi ilə özünü göstərir.