Əhməd ibn Harun əl-Bərdəi əl-Bərdici
Əhməd ibn Harun əl-Bərdəi əl-Bərdici — 844-914-cü illərdə yaşamış Azərbaycanlı alim.
== Haqqında ==
Bərdənin 14 fərsəxliyində yerləşən Bərdic şəhərində anadan olmuş Əbubəkr Əhməd ibn Harun əl-Bərdici doğma yurdunda dövrünün zəruri biliklərinə yiyələndikdən sonra müxtəlif yerlərə - İran, İraq, Suriya, Misir, Əlcəzair, Hicaz və başqa ölkələrə səyahətlər etmiş, təhsilini artırmışdır. Mənbələrin verdiyi məlumata görə o, sakin olduğu yerlərdə həm öyrənir, həm də öyrədirmiş. Əhməd əl-Bərdici nüfuzlu müəllim sayılanda hələ iyirmi beş yaşı tamam deyilmiş. Bir tarixçi yazırdı ki, Əbu Əmr əl-Müstəmlinin xəttində oxudum ki, o, Əhməd ibn Harun əI-Bərdicini 255 (869)-ci ildə Zəhli məscidində dinləmişdir.
Əhməd əl-Bərdicinin yaradıcılığı dini ideologiyaya həsr olunmuşdur. Əbülhəsən əd-Darəqütni (918-995) onu "hədis dayaqlarından biri" sayıb, "inanılmış", "nüfuz sahibi" adlandırmışdır. Xətib əl-Bağdadi (1002-1071) və Əbu Səd əs-Səmani (1113-1167) onun haqqında "fəzilətli", "zəkalı" və "hafiz" (Quranı əzbər bilən) sözlərini işlətmişlər. İbn əl-İmad əl-Hənbəli (öl. 1078) yazırdı ki, Əhməd əl-Bərdici "axırıncı nüfuz sahiblərindən və dünya alimlərinin məşhurlarından idi".