Azərbaycan bəylərbəyliyi
Təbriz bəylərbəyliyi və ya Azərbaycan bəylərbəyiliyi — Səfəvilər dövlətinin inzibati-ərazi vahidlərindən biri. Mərkəzi Təbriz şəhəri idi.
Səfəvilər dövründə xanədanlığın nəzarətində olan bütün ərazilər kimi Tarixi Azərbaycan ərazisi də inzibati-ərazi bölgüsü baxımından bəylərbəyliklərə ayrılmışdı. Azərbaycan (mərkəzi əsasən Təbriz, qısa bir müddət Ərdəbil (1590-1603) bəylərbəyliyi; Şirvan bəylərbəyliyi; Qarabağ (mərkəzi Gəncə) bəylərbəyliyi; Çuxur Səəd (mərkəzi İrəvan) bəylərbəyliyi.
Nadir şah (1736-1747) hakimiyyətə
gələndən sonra bəylərbəylik sistemi ləğv edilmiş, o öldürüldükdən (1747) sonra isə Təbriz bəylərbəyliyi ərazisində bir sıra müstəqil xanlıqlar (Təbriz, Cavad, Marağa, Urmiya, Xoy, Qaradağ, Sərab) yaranmışdı.
== Tarixi ==
XVI əsrin 1-ci yarısında yaradılmışdı. Çuxursəəd, Qarabağ, Şirvan, Fars (İran) bəylərbəylikləri və Osmanlı imperatorluğu ilə həmsərhəd olan Təbriz bəylərbəyliyinə Marağa, Urmiya, Soucbulaq, Xoy, Səlmas, Mərənd, Naxçıvan (16 əsrin sonunadək), Maku, Qaradağ, Ərdəbil, Miyanə, Talış, Arazbar, Sultaniyyə, Zəncan və s. əyalətlər daxil idi.
Təbriz bəylərbəyliyi ictimai-iqtisadi və strateji baxımdan Səfəvilər dövlətinin ən zəngin və mühüm əyalətlərindən biri idi. Burada əkinçilik, maldarlıq və sənətkarlıq inkişaf etmişdi; mühüm ticarət yolları onun ərazisindən keçirdi.