BİRÇƏK

is.
1. Qulaqların üstündən çıxan saçın qövs şəkilli hissəsi (qadınlarda).
Qaşın qabağında seyqəlli birçək; Sayə salmış üzə şölə mübarək. M.P.Vaqif.

2. Ümumiyyətlə saç.
[Səfər] birçəklərini qotaz daramazdı, papiros çəkməzdi, aşurada başını yarmazdı, qaməti də mövzun deyildi. Ə.Haqverdiyev.
Xan … Zamanın birçəklərindən yapışıb ayağının altına saldı. Çəmənzəminli.
Tarixlərin şahididir mənim bu ağ birçəyim. S.Vurğun.

3. Atın yalından ayrılıb, alnına tökülən tük dəstəsi. At birçəyi.
◊ Birçəyi ağ – qoca.
Tezliklə Azad da qayıdar, … evləndirərsən, sən də birçəyinin ağ vaxtında bir gün görərsən. M.İbrahimov.

Birçəyi ağarmaq – qocalmaq (yalnız qadın haqqında).
Birçəyini ağartmaq1) qocalmaq;
2) qocaltmaq, qocalmasına səbəb olmaq.
[Sona xanım:] [Heydər bəyin] fikri budur ki, atam evində mənim birçəyimi ağarda. M.F.Axundzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BİRÇƏK birçək bax saç I

Etimologiya

  • BİRÇƏK Burmaq (qıvrım) feili əsasında yaranıb: “buruq saç” deməkdir,rus dilinə “завитый волос” kimi tərcümə edilib
BİRCÜRƏLİK
BİRÇƏKLƏMƏ

Digər lüğətlərdə